Bu gün:

Şekspirin həyat yoldaşını tərk etmədiyini göstərən məktub tapılıb


Uilyam Şekspir və həyat yoldaşı Enn Heteveyin münasibətləri indiyə qədər düşünüləndən daha xoşbəxt olmuş ola bilər – yeni araşdırmalar belə deyir.


İki əsrdən artıq bir müddət idi ki, Şekspirin Londona gedərkən həyat yoldaşını Stratford-upon-Eyvonda qoyub getdiyi və vəsiyyətində ona demək olar ki, heç nə vermədiyi üçün onun Ennə qarşı inciklik və soyuqluq hiss etdiyi güman edilirdi.


Lakin “əziz xanım Şekspirə” ünvanlanan bir məktub parçasının araşdırılması göstərir ki, onlar 1600–1610-cu illər arasında Londonda birlikdə yaşamış ola bilərlər.


Bu araşdırmanı Bristol Universitetinin İngilis dili fakültəsinin professoru Metyu Steql aparıb.


Hərəfordda bir kitabın cildində təsadüfən qorunmuş bu məktubda iddia olunur ki, Şekspir Con Batts adlı yetim oğlana pul verməkdən imtina edib və əvəzində xanım Şekspirdən pul istənilir.


Prof. Steql deyir: “Məktub ilk dəfə 1978-ci ildə aşkarlanıb və uzun müddətdir ki, məlumdur, amma heç kim məktubda qeyd olunan ad və yerləri müəyyən edə, eləcə də buradakı ‘cənab Şekspir’in mütləq Uilyam Şekspir olduğunu düşünmək üçün əsas tapa bilməyib. Bu, təkcə Şekspirlərin evliliyi ilə deyil, həm də Şekspirin Londondakı əlaqələri ilə bağlı bir hekayədir. Və əgər məktubun arxa tərəfindəki yazı cavab məktubudursa, bu, həm də Enn Heteveyə məxsus ola biləcək ilk yazılı sənəd ola bilər”.


Məktubda həmin oğlanın atası olmayan bir şagird olduğu qeyd edilir və Prof. Steqlin araşdırmalarına görə, o dövrdə Londonda yalnız bir nəfər – Con Batts – bu təsvirə uyğundur.


Məktubda Triniti Leyn adlı küçədən də bəhs olunur və həmin dövrdə Londonda yaşamış dörd evli Şekspir (dövrün yazılışı ilə “Shakspaire”) cütlüyü arasında yalnız Uilyam və Ennin həmin ərazidə yaşaması mümkün görünür.


“Bu məktub Şekspir və ailəsi tərəfindən göndərilmiş və ya onlara ünvanlanmış məktubların sayını ən azı ikiqat artırır", – deyə Prof. Steql bildirir.


“Hazırda yalnız bir belə məktub məlumdur. Bundan əlavə, bu məktub Şekspirin London həyatına dair əvvəllər məlum olmayan bir tərəfi üzə çıxarır – ona Triniti Leyndə yeni bir ünvan və yeni bir fəaliyyət sahəsi qazandırır”.


Prof. Steql bu tapıntının Şekspirin həyat yoldaşının Londonda onunla “əhəmiyyətli” vaxt keçirmiş ola biləcəyinə dair ehtimalı “gücləndirdiyini” deyir.


BBC Radio 4-ün “World at One” proqramında danışan və Enn Hetevey haqqında kitab yazmış yazıçı Meggi O’Farrrell bu kəşfi “həyəcanverici” və “möhtəşəm” adlandırıb.



Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et