Bu gün:

Qvardiola "Man City" tapmacasını həll etməyə davam edir


Bəzən heç nə deməyə ehtiyac olmur. Əgər Pep Qvardiola kimi təmas xəttində emosiyaları açıq şəkildə göstərirsinizsə, vizual sübutlar hadisənin əhəmiyyətini çatdırmaq üçün kifayət edə bilər.

Çərşənbə axşamı Aston Villa üzərində 2:1 hesablı qələbə zamanı uzun müddətdir yığılan narazılıq baş qaldırıb. Bu, hakim Kreyq Pawsonun Ruben Diasın Ceykob Remsi üzərindəki kobud oyununu yoxlamaq üçün oyunu dayandırması və sonradan “Mançester Siti”nin qapısına penalti təyin etməsi ilə başlayıb.

Video köməkçi hakim (VAR) Con Brooks qərarın doğru olduğunu düşünüb. Amma Qvardiola razı olmayıb. Başını narazı şəkildə tərpədərək ehtiyat oyunçular skamyasında əyləşən məşqçilərə əsəbi jestlər edib və sonra yaxınlıqdakı dördüncü hakimə qarşı tənqid yağdırıb.

Daha sonra, stadiondakı səsin artmasını istəyən Qvardiola əl hərəkətləri ilə azarkeşləri səsləndirib. Ceyms MakAtinin zərif “lob” zərbəsi qapı dirəyinin kənarından keçəndə tanış diz çöküşü ilə reaksiyasını göstərib.

Nəhayət, Matheus Nunes-in sonrakı dəqiqələrdə vurduğu qələbə qolu gərginliyi aradan qaldırıb. Qvardiola isə bu qola azarkeşlər qədər sevinərək reaksiya verib – bir qədər əvvəl daha çox dəstək istədiyi tribunaların səsinə minnətdarlıq jesti kimi.

“Aston Villa kimi yüksək səviyyəli bir komandaya qarşı oynadığımızı anlamaq üçün alim olmağa ehtiyac yoxdur”, – deyə Qvardiola oyundan sonra bildirib.

“Onlar qeyri-adi komandadır. Amma biz, həmişə olduğu kimi, yenə öhdəliklə oynadıq. Çempionlar Liqasına vəsiqə əlbəttə ki, vacibdir, amma bəzən səbirli olmalıyıq. Diqqətimizi yarımfinala yönəltməliyik. Dörd “final” oyunumuz olacaq – ikisi evdə, ikisi səfərdə",-deyən Qvardiola bu sözləri ilə bazar günü Nottingem Forestə qarşı İngiltərə Kubokunun yarımfinalını və daha sonra Premyer Liqada baş tutacaq əsas qarşılaşmaları – Wolves, Bournemouth (evdə) və Fulham (səfərdə) oyunlarını nəzərdə tutub.

Mənbə:BBC News

Tərcümə etdi:Aysu Salahova

Paylaş
Şərh əlavə et