Bəzi insanlar yüksək zəka ilə depressiya arasında əlaqə olduğunu düşünür. Lakin elmi tədqiqatlar bu mövzuda birmənalı nəticələr ortaya qoymur.

2009-cu ildə aparılan araşdırma uşaqlıqda aşağı IQ səviyyəsi ilə yetkinlikdə depressiya riski arasında əlaqə aşkar edib. Digər tərəfdən, həmin tədqiqat yüksək IQ-yə malik insanların sosial fobiya və posttravmatik stress pozuntusuna qarşı daha dözümlü ola biləcəyini göstərib.
2018-ci ildə yayımlanan başqa bir araşdırma isə bunun əksini iddia edərək yüksək zəkanın stress və depressiya riskini artırdığını bildirib. Nəhayət, 2022-ci ildə minlərlə insanın məlumatına əsaslanan genişmiqyaslı bir tədqiqat göstərdi ki, yüksək IQ-yə malik fərdlər daha az təşviş və travma yaşayır.
Mütəxəssislər bildirir ki, zəka tək başına psixi pozuntular üçün nə risk, nə də qoruyucu amildir. Depressiyanın səbəbləri arasında genetik meyllilik, travma, xroniki xəstəliklər və sosial ayrı-seçkilik kimi faktorlar daha ön plandadır.
Təşviş pozuntuları isə müalicə edilə bilən problemlərdir. "Bilişsel Davranışçı Terapiya" və bəzi hallarda dərman müalicəsi ilə müsbət nəticələr əldə oluna bilər. Eyni zamanda, nəfəs məşqləri, meditasiya və sağlam həyat tərzi də faydalı ola bilər.
Zəkanızdan asılı olmayaraq psixi sağlamlığınıza diqqət yetirin və ehtiyac hiss etdikdə mütəxəssis dəstəyinə müraciət edin.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
