Kaliforniya Universitetinin Berkli Mexanika Mühəndisliyi Fakültəsindən professor Liwei Lin-in rəhbərliyi ilə hazırlanmış bu robot xarici maqnit sahəsinin təsiri ilə maqnitlərinin itələnməsi və çəkilməsi nəticəsində fırlanaraq havaya qalxır. Bu hərəkət nəticəsində yaranan qaldırma qüvvəsi robotun yerdən qalxmasını təmin edir. Uçuş trayektoriyası isə maqnit sahəsinin gücünün dəqiq şəkildə tənzimlənməsi ilə idarə oluna bilir.

Eynən bir vəhşi arı kimi bu robot da çiçəkdən çiçəyə qonaraq nektar toplaya, havada asılı qala, istiqamətini dəyişə və kiçik hədəfləri yüksək dəqiqliklə vura bilir. Robotun uçuş sistemi ənənəvi batareyalar əvəzinə kənardan tətbiq olunan maqnit sahələri ilə işlədiyinə görə tamamilə kabellərsiz və olduqca yüngüldür. Lakin hazırda bu robot yalnız passiv uçuş qabiliyyətinə malikdir, yəni təyyarələr və ya inkişaf etmiş dronlar kimi öz mövqeyini və ya istiqamətini müəyyənləşdirə bilən sensorları yoxdur. Bu səbəbdən uçuş dəqiq şəkildə idarə oluna bilsə də, məsələn, qəfil külək kimi ətraf mühit dəyişiklikləri robotun trayektoriyasından yayınmasına səbəb ola bilər.
Bu texnologiyanın gələcəkdə xüsusilə kənd təsərrüfatında tozlanma, dəqiq müşahidə və kəşfiyyat tapşırıqları kimi sahələrdə potensiala sahib olacağı qeyd olunub.
Mənbə: Onedio
Tərcümə etdi: Gülçin Abdullayeva
