24media.az-ın budəfəki müsahibi nəqliyyat eksperti Eldəniz Cəfərovdur. O, yol-nəqliyyat hadisələri və onların qarşısının alınması üçün görülən tədbirlərdən danışıb.
-Son illərdə yol infrastrukturunun təkmilləşdirilməsi yol qəzalarının sayına necə təsir edib?

Bu gün biz ötən illərlə müqayisə edəndə görürük ki, baş verən yol-nəqliyyat hadisələrinin sayının azalmasında kəskin fərq yaranmayıb. Yəni biz bu sayı kifayət qədər azalda bilməmişik, qəzalar hələ də baş verir, ağır xəsarətlər, insan ölümləri, piyadaların vurulması var.
-Azərbaycanda yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ərazilər hansılardır?
Azərbaycanda, əsasən, magistral, şəhərlərarası yollarda qəzalar baş verir. Həmçinin Bakı şəhəri ərazisində Heydər Əliyev prospekti, Ziya Bünyadov küçəsini qəza ocağı kimi qeyd etmək olar.
Burada, ilk növbədə, qeyd etmək lazımdır ki, avtomobili idarə edən sürücülərin özü də səhvə yol verir, bilərəkdən yol hərəkəti qaydalarını pozurlar. Sürət həddinin aşılması, yol nişanlarına, ötmə-manevr qaydalarına düzgün əməl edilməməsi, işıq cihazlarından düzgün istifadə edilməməsi qəzaların baş verməsinə səbəb olur.
Bundan əlavə, magistral yolların qaranlıq olması da qəza riskini artırır.
-Belə hadisələrin qarşısını almaq üçün hansı tədbirlər görülür?
Azərbaycanda baş verən qəzaların sayını azaltmaq üçün 2018-ci ildə qəbul olunan beşillik dövlət proqramı var. Bu proqram Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair geniş bir proqramdır. Sözü gedən proqram hələ ki, tam olaraq həyata keçirilməyib. Ona görə də, biz qəzaların sayının kəskin azalmasına nail ola bilməmişik. Əgər proqramdakı işlər tam yerinə yetirilsə idi, əlbəttə ki, biz baş verən qəzaların sayını təxminən 30% azalda bilərdik.
Baş verən qəzaların sayını azaltmaq üçün 2019-2023-cü illəri əhatə edən dövlət proqramına bir daha nəzər salınmalı və müvafiq qurumlar həmin proqrama uyğun olaraq öz öhdəliklərini yerinə yetirilməlidirlər.
Səidə Abasova
