
Dürüst olaq, çoxumuz üçün təmizlik etmək elə də əyləncəli bir iş deyil. Paltar yumaq, evi süpürmək, qab-qacaqla məşğul olmaq… Adətən görülməli olan, amma çox da həzz verməyən işlər siyahısının başında gəlir. Amma bəlkə də təmizlik yalnız evimizi deyil, ruhumuzu da təmizləyir?
Qarşınızda: Cleanfulness! (klinfulnes) Həm evinizi yığışdırırsınız, həm də zehninizi rahatladırsınız – bir güllə ilə iki quş! Bu anlayış, təmizlik edərkən zehninizi boşaltmağı və indiki ana fokuslanmağı təklif edir. Yəni evi süpürərkən keçmişi və ya gələcəyi düşünmək yerinə, tam olaraq o anın içində olursunuz. Qab yuyarkən suyun istiliyini hiss edir, şüşə silərkən əlinizin hərəkətlərinə diqqət edirsiniz. Beləliklə, yalnız eviniz yox, ruhunuz da yüngülləşir.
Üstəlik bu üsul, meditasiya üçün vaxt tapa bilməyənlər üçün də mükəmməl bir həlldir! Belə düşünün: onsuz da təmizlik edirsiniz, niyə bunu rahatlama metoduna çevirməyəsiniz? Təmizlik zamanı nəfəsinizə fokuslanmaq, hərəkətlərinizi şüurlu şəkildə etmək və etdiyiniz işdən zövq almaq Cleanfulness anlayışının əsaslarını təşkil edir.
Başınızda fırlanan minlərlə fikri bir kənara qoyub sadəcə o anı yaşadığınızda, günün stressindən xilas olduğunuzu hiss edirsiniz. Təmizlik bitdikdə isə həm ətrafınız təmizlənmiş olur, həm də özünüz daha yaxşı hiss edirsiniz.
Bəs bu üsulu necə tətbiq edə bilərsiniz? Əvvəlcə təmizlik zamanı telefon və ya başqa bir şeylə maraqlanmamaq vacibdir. Məsələn, qab yuyarkən düşüncələrə dalmaq əvəzinə, suyun əllərinizdə yaratdığı hissə diqqət yetirin. Toz alarkən süngərin səthlə təmasına fokuslanın. Qısacası, etdiyiniz hər hərəkəti şüurlu şəkildə etməyə çalışın. Beləliklə, zehniniz başqa yerlərə getmək əvəzinə, məhz həmin ana köklənir.
Təbii ki, işin psixoloji tərəfi də var. Dağınıq bir mühit zehni qarışıqlıq yaradır. Masanız qarışıq, otağınız dağınıq olduqda, şüuraltı olaraq siz də belə hiss edirsiniz. Amma təmizlik edib ətrafı yığışdırdığınızda, bir anda yüngülləşdiyinizi hiss edirsiniz. Çünki xarici dünya səliqəlidirsə, daxili dünyanız da sakitləşir.
Yəni, Cleanfulness təkcə evinizi deyil, əhvalınızı da nizama salır! Təmizliyi daha zövqlü hala gətirmək üçün özünüzə kiçik rituallar yarada bilərsiniz. Məsələn, sevdiyiniz musiqini aça, xoşladığınız bir ətirdən istifadə edə və ya təmizlikdən əvvəl bir neçə dərin nəfəs alaraq başlaya bilərsiniz. Beləcə, təmizlik cansıxıcı bir iş olmaqdan çıxıb sizi rahatladan bir rutinə çevrilə bilər.
Bu metodu həyatınıza daxil etmək üçün böyük dəyişikliklər etməyə ehtiyac yoxdur. Kiçik addımlarla başlaya bilərsiniz. Məsələn, qab yuyarkən yalnız o andakı hisslərə fokuslanmaq belə bir fərq yarada bilər. Süpürərkən ritmik hərəkətlərinizi izləmək və ya şüşə silərkən əlinizin səth üzərində necə hərəkət etdiyini müşahidə etmək, fərqindəliyinizi artırar. Kiçik addımlarla başladıqca, bunun nə qədər rahatladıcı olduğunu anlayacaqsınız.
Cleanfulness yalnız sizi deyil, ətrafınızdakıları da təsir edir. Daha sakit bir ev mühiti təkcə sizi deyil, ailənizi və evinizə gələn qonaqları da müsbət yöndə təsir edir. Enerjisi yüksək, təmiz və nizamlı bir mühit yaratmaq, hər kəsin özünü daha yaxşı hiss etməsinə yardımçı olur.
Yəni, bu yalnız sizin üçün deyil, ətrafınızdakılar üçün də gözəl bir dəyişiklik ola bilər. Nəticə olaraq, Cleanfulness sayəsində təmizlik sadəcə görülməsi vacib bir iş olmaqdan çıxıb bir növ terapiyaya çevrilə bilər. Evinizi yığışdırarkən zehninizi də boşalda, ruhunuzu dinləndirə bilərsiniz.
Həm ətraf təmiz olur, həm də siz özünüzü yüngülləşmiş hiss edirsiniz. Məncə bir dəfə sınayın – bəlkə də təmizlik edərkən heç olmadığınız qədər rahat hiss edəcəksiniz!
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
