Bu gün:

Andor ve Stalin əlaqəsi


“Star Wars” serialı “Andor” uzaq qalaktikada baş verən hadisələri göstərsə də, onun əsas süjeti gerçək həyatda Stalin tərəfindən planlaşdırılan bir qarətdən ilham alıb. Yəni “Andor” həm uydurma, həm də real hadisələrlə bağlıdır.

Plan imperiyanın mərkəzindən uzaqda, sərhəddə baş verir. İnqilabi coşğu ilə yanan bu qrupda oğrular, qatillər və satqınlar var. Məqsədləri rejimə qarşı gələcək hücumlar üçün lazım olan pulla dolu bir xəzinədir. 

Əgər Star Wars-un spin-off serialı olan “Andor”un ilk mövsümünü izləmisinizsə, bu süjeti tanıyacaqsınız. Üç seriya boyunca, anti-qəhrəman Kassian Andor (Diego Luna) və onun dəstəsi dağlarda gizlənərək imperiyaya aid bir qarnizondan bütün bir sektorun əməkhaqqını oğurlamaq üçün cəsur bir plan qururlar. Bu hadisə 26 iyun 1907-ci ildə indiki Tbilisi olan Tiflis şəhərindəki Yerevan Meydanında baş verib. Rusiya imperiyasına aid dövlət bankına gətirilən, o dövr üçün 300,000 rubl (təxminən 1 milyon dollar) dəyərində olan pul bolşevik inqilabçılarla əlaqəli bir dəstə tərəfindən oğurlanır. Bombalar və silahlarla həyata keçirilən hücum nəticəsində, 40 nəfər ölür, onlarla insan yaralanır. Bu cəsarətli gündüz qarəti dünya mediasında səs salır. 

Bu planın arxasında kasıb bir ayaqqabıçının oğlu, inqilabçı İoseb Besarionis dze Cuqaşvili, yəni gələcəkdə dünyaya Stalin kimi tanınacaq adam dayanıb. O, istedadlı natiq, keçmiş seminariya tələbəsi, romantik şair olub və gənc yaşlarında “Soso” təxəllüsü ilə tanınıb. 

2007-ci ildə tarixçi Simon Sebag Montefiore tərəfindən yazılan Young Stalin (Gənc Stalin) adlı kitab diktatorun gənclik illərini araşdırır. Gilroy bu kitabı oxuyaraq Andor-un hekayəsini qurmağa başlayır. Tiflis qarətinin təsviri onun üçün “inanılmaz bir film səhnəsi” kimi görünür. 

“Andor” Star Wars dünyasındakı ən realist serialdır. Burada imperiyanın və onun qəddarlığının sadə insanlara necə təsir etdiyi ətraflı göstərilir: rüşvət alan əsgərlər, səbəbsiz yerə həbs edilənlər, müqəddəs yerlərin zorla mənimsənilməsi. Bütün bu detallar Çar Rusiyası və ya Sovet dövrünün repressiya orqanları Oxrana və Çeka ilə müqayisə edilə bilər.

22 aprel tarixində başlayan ikinci mövsüm “Rogue One” filminə gedən yolu izah edəcək. Buradakı nümayişlərə imperiyanın reaksiyası 1905-ci il Sankt-Peterburq hadisələrinə bənzədilir.

Gilroy-un yaratdığı bu reallığa yaxın Star Wars hekayəsində qəhrəmanlar ideal deyil. Montefiore-nin dediyinə görə, inqilabçılar bilirdilər ki, hakimiyyətə gəlsələr, özləri də repressiyaya əl atmalı olacaqlar. Lenin özü deyib: “Edam cəzası olmayan inqilab inqilab deyil”.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et