Bu gün:

Dünyanın ən kiçik simsiz uçan robotu yaradılıb


Berkli Kaliforniya Universitetinin mühəndisləri simsiz idarə olunan və hədəfə doğru istiqamətləndirilə bilən cəmi 1 santimetr ölçüsündə dünyanın ən kiçik uçan robotunu hazırlayıblar.

Arıların hərəkətlərindən ilhamlanan bu robot havada uça, istiqamətini dəyişə və kiçik hədəfləri vura bilir. Cəmi 21 milliqram ağırlığında olan bu qurğu, həm də idarə olunan uçuş qabiliyyətinə malik ən kiçik simsiz robot hesab olunur. 

Robotun uçuş qabiliyyəti içərisindəki iki kiçik maqnitlə təmin edilir. Xaricdən tətbiq olunan maqnit sahəsi bu maqnitləri aktivləşdirir və robotun fırlanmasına səbəb olur. Bu fırlanma hərəkəti robotu havaya qaldırmaq üçün kifayət qədər lift qüvvəsi yaradır.

Uçuşun istiqaməti və sürəti maqnit sahəsinin gücünün tənzimlənməsi ilə idarə oluna bilər. Bu üsulla robotu müəyyən olunmuş hədəfə yönləndirmək mümkündür.

Tədqiqatda iştirak edən mühəndis Fanpin Sui bildirib ki, bu tip robotlar kiçik məkanlarda işləyə bilər. Onun sözlərinə görə, bu robotlar dar boşluqlar yaratmaq və həmin boşluqlara daxil olmaq kimi vəzifələr üçün istifadə edilə bilər. O həmçinin əlavə edib ki, bu robotlar süni tozlandırma və boruların içini yoxlamaq kimi kənd təsərrüfatı tətbiqlərində də faydalı ola bilər.

Hazırda bu robot real vaxtda algılama sistemlərinə malik olmasa da, passiv uçuş xüsusiyyətləri ilə işləyir. Hələlik robotun fəaliyyəti üçün güclü elektromaqnit sahəsi tələb olunur. Lakin ölçüsü 1 millimetrdən aşağı endirildikdə, onun daha zəif sahələrlə idarə olunması mümkün ola bilər. Bu, gələcəkdə radio dalğaları ilə idarə edilə bilən mikrorobotların inkişafına yol aça bilər.

Tədqiqat qrupu hazırda qarışqaya bənzər kooperativ robot sürüləri üzərində də çalışır. Bu robotlar birləşərək zəncirlər yarada və təkbaşına yerinə yetirə bilməyəcəkləri tapşırıqları kollektiv şəkildə icra edə bilərlər. Komanda belə robotların tibb sahəsində, xüsusən də minimal invaziv əməliyyatlarda istifadə oluna biləcəyini düşünür.

Mənbə: TRT Haber

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et