Budəfəki mövzumuz: “Qadın sürücü stereotipi”dir. Qadın sürücülərə qarşı olan münasibət hələ də cəmiyyətdə müzakirə mövzusudur. Bu mövzu üzrə sualımız belə idi:
- Kişi sürücülərdən və ya ətrafdakılardan sizə qarşı hər hansı təzyiq və ya mənfi münasibət hiss etmisinizmi?
Bir ildən çoxdur, maşın idarəçisi Nailə Alcanlı deyir ki, qadın sürücülər bəzi ehtiyatsız kişi sürücülərdən daha diqqətli və məsuliyyətlidirlər:
Cəmiyyətdə müxtəlif düşüncəyə malik insanlarla qarşılaşırıq. Qadın olmaq bəzən sadəcə küçədə gəzərkən belə mənfi söz və ya baxışlarla üzləşmək deməkdir. Sükan arxasında isə bu hallar daha açıq şəkildə özünü göstərir. Təəssüf ki, müasir yanaşmalarla yanaşı, cahil fikirlərlə də tez-tez qarşılaşırıq. Aktiv sürücü olmasam da, avtomobil idarə etdiyim zaman xüsusilə 16-20 yaş arası gənc oğlanların lağ obyektinə çevrildiyimi hiss etmişəm. Məsələn, bir dəfə eşitdiyim cümlə belə olub: "Mən olsam, o maşını indi uçurardım. Qorxusundan necə yavaş sürür, qızdı da..". Belə hallarda izahat vermək, qarşı tərəfi inandırmağa çalışmaq çox vaxt nəticəsiz olur. Təəssüflə qeyd etməliyəm ki, “Qadın nədir, maşın sürmək nədir?, "Qəzaların çoxu qadınlara görə olur”, – kimi fikirləri dilə gətirən kişilər hələ də var. Onlara görə biz qadınlar qaydalara əməl etmir, jestləri düzgün anlamır və tıxaclarda hərəkəti ləngidirik. Amma mən inanıram ki, bir çox qadın sürücülər bəzi ehtiyatsız kişi sürücülərdən daha diqqətli və məsuliyyətlidirlər.

Qadınlar sükan arxasında özlərini göstərmək üçün sürət həddini aşmır, başqalarını narahat edəcək şəkildə musiqi dinləmirlər. Əlbəttə ki, hər zaman neqativ münasibətlə qarşılaşmırıq. Yol verdiyinə görə təşəkkür edən, dəstək göstərən və “əla” işarəsi ilə motivasiya verən insanlar da var. Qadınlar, xüsusilə bu mövzuda, bir-birinə dəstək olmağı bacarırlar".
Üç ildir, maşın idarə edən müsahibimiz Lalə Quliyeva bildirib ki, digər sürücülərin yoldan çəkilmə istəyi ilə tez-tez qarşılaşır:
"Şəxsi təcrübəmdə birbaşa təzyiqlə qarşılaşmamışam. Lakin müşahidələrimə əsasən deyə bilərəm ki, yol hərəkəti zamanı qarşıdakı avtomobil yavaş sürdükdə ona siqnal verib tələsdirmək və ya yoldan çəkilməsini tələb etmək halları tez-tez baş verir. Bu vəziyyətlərə qadın sürücülər daha tez məruz qalır".

Digər müsahibimiz Nuray Quliyeva üç ildir ki, maşın idarə edir və o deyir ki, mənfiylə yanaşı müsbət münasibətlərlə də qarşılaşır:
"Bəli, belə hallar baş verib. Bəzən ətrafdakılardan və digər sürücülərdən mənfi münasibət hiss etmişəm. Xüsusilə sıxlıq zamanı və parketmə hallarında narazılıqla qarşılaşmışam. Amma, eyni zamanda, müsbət münasibətlərlə də üzləşirəm. Çox hallarda qarşı tərəfə yol verdiyim üçün üz ifadəsi və ya siqnal vasitəsilə təşəkkür edirlər. Bu da yolda qarşılıqlı anlayış və hörmətin olduğunu göstərir".
Zərifə İbrahimli artıq bir ildir, maşın sürür. O, sualımıza cavab verməklə yanaşı yüksək sürətin riskli olduğunu da bildirib:
"Bəli, mənfi sözlər eşitdiyim olub, həm də yaxın çevrəmdən belə. Bəzən anlayış göstərənlər olur, amma çox hallarda xanım sürücü olduğumu gördükdə daha kobud davranırlar. "Xanım nədir, maşın sürmək nədir?", – deyə düşünənlər var.
Halbuki qadın sürücülər əsasən səbirli və təmkinli olurlar. Şəhər daxilində yüksək sürət yolverilməzdir. Tələsməyə ehtiyac yoxdur və yüksək sürət risklidir. Təəssüf ki, bu həqiqəti hər kəs dərk etmir".

Günay Quliyeva dörd ildir ki, maşın sürür və o, qarşılaşdığı hadisəni bizimlə bölüşüb:
"Adətən yaşlı nəslə mənsub kişilər qadın sürücülərə qarşı daha aqressiv davranırlar, səhv özlərində olsa belə, bunu qəbul etmək istəmirlər. Mən də belə bir vəziyyətlə qarşılaşmışam.
Yaşlı bir kişi sürücü dönmə işığını yandırmadan və güzgüdən mənim gəldiyimi yoxlamadan qəfil yola çıxdı. Sürətim az olduğu üçün maşını vaxtında saxlaya bildim. Lakin vəziyyətdə günahkar özü olsa da, həmin sürücü mənə əsəbi və aqressiv şəkildə “Qadınsan, get evdə yeməyini bişir!” ifadəsini işlətdi. Ətrafdakı digər taksi sürücüləri ona günahın məndə olmadığını izah etməyə çalışsalar da, heç bir nəticəsi olmadı. Bu vəziyyətdə qorxduğum üçün sakit şəkildə yoluma davam etdim".
Bu cavablar göstərir ki, qadın sürücülərə qarşı cəmiyyətdə hələ də stereotiplər mövcuddur. Lakin bu stereotiplərin qarşısını almağın yolu anlayış, düzgün maarifləndirmə və qadınların bir-birinə verdiyi dəstəkdir.
Aysu Əsədova
