Bu gün:

Alimlər dağınıqlığın zəka ilə əlaqəli ola biləcəyini bildirirlər


Əgər iş masasının üstü dağınıqdırsa və bu vəziyyət səni narahat etmirsə, tək deyilsən. Bəzi elmi araşdırmalar göstərir ki, dağınıqlıq düşündüyümüz qədər mənfi hal deyil. Hətta bu vəziyyət yaradıcı düşüncə ilə birbaşa əlaqələndirilə bilər.

2013-cü ildə "Psychological Science" jurnalında dərc olunmuş bir araşdırmada iştirakçılar nizamlı və dağınıq olmaqla iki fərqli mühitə yerləşdirilib. Səliqəli mühitdə olanlar daha sağlam seçimlər ediblər, lakin dağınıq mühitdə olanlar yaradıcılıq tələb edən tapşırıqlarda daha innovativ fikirlər irəli sürüblər.

Minnesota Universitetinin psixoloqu Kethlin Vohs bu nəticəni belə izah edir: Nizamlı mühitlər insanları qaydalara tabe olmağa vadar edir, lakin dağınıqlıq insanlara fərqli düşünmək imkanı yaradır. Bu isə daha orijinal ideyaların ortaya çıxmasına səbəb ola bilər.

Tarixdə bir çox dahi şəxslərin də iş mühitləri səliqəli olmayıb. Albert Eynşteyn, Stiv Cobs və Mark Tven kimi məşhurların dağınıq masaları bu baxımdan tez-tez nümunə göstərilir. Digər tədqiqatlar da bəzi qeyri-adi xüsusiyyətlərin – məsələn, qara yumora meyl, yüksək səslə çeynəmədən narahat olmaq və pişikləri üstün tutmaq kimi – yüksək intellektlə əlaqəli ola biləcəyini göstərir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et