Narahatedici xəbərlərlə dolu bir mühitdə detalları ard-arda oxumağa və bu hekayələrin içində itib getməyə meyilli oluruq. Bu davranış "doomscrolling" (bəd xəbərləri fasiləsiz oxuma) adlanır. Doomscrolling bizi neqativ xəbər girdabında ilişdirərək zehni sağlamlığımıza təsir edə bilər. Eyni zamanda, bu anlayış sonsuz sayda qısa onlayn videolar izləyərək vaxtın necə keçdiyini hiss etməmək kimi davranışlara da şamil edilir. Bu vərdişin arxasındakı səbəbləri və bu dövrəni necə qıracağınızı kəşf edin. Məqsədyönlü məsləhətlər və praktik addımlarla diqqətinizi qoruyun, nəzarəti ələ alın.

Sosial medianın rolu
Sosial media platformaları doomscrolling üçün əlverişli mühit yaradır. Onların istifadəçiləri ekranda saxlamaq üçün qurulmuş alqoritmləri tez-tez neqativ və narahatlıq yaradan məzmunları qarşımıza çıxarır. Heç düşünmədən uzun müddət bir postdan digərinə keçmisinizmi? Bu, "sonsuz sürüşdürmə" xüsusiyyətidir. Bitib-tükənməyən bir axın yaradaraq bizi dayanmadan aşağı sürüşdürməyə vadar edir.
Bu alqoritmlər təkcə xəbər başlıqlarını deyil, həm də istifadəçilərin maraq dairəsinə uyğun mövzuları da təqdim edir. Məsələn, interyer dizaynı, komediya, məşhurlar və ya sənətlə bağlı videolarla maraqlanırsınızsa, platforma sizə daha çox bu tip kontent göstərəcək. Bu da doomscrolling vərdişini qırmağı çətinləşdirir.
Daxili faktorlar
Yüksək nevrotizm və keçmiş travmalar insanları doomscrollingə meyilli edə bilər. Eyni zamanda, obsessiv-kompulsiv pozuntu kimi narahatlıq problemləri də bu vərdişi gücləndirə bilər.
Xarici faktorlar
Sensasiya yaradan xəbər mənbələri və vərdiş halına gəlmiş davranışlar, məsələn, telefonu ilk olaraq səhər açmaq və ya yatarkən yoxlamaq, doomscrollingə yol aça bilər. Bu tetikləyiciləri tanımaq, davranışın qarşısını almağa kömək edir.
Əgər doomscrolling səbəbindən narahatlıq və kədər uzun müddət davam edərsə, peşəkar qiymətləndirmə tövsiyə olunur. Doomscrolling mövcud bir zehni sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olarsa, zehni sağlamlıq mütəxəssisi ilə məsləhətləşmək vacibdir.
Mənbə: Resilience
Tərcümə etdi: Arzu Qafarova
