Bu gün:

SeaCURE layihəsi və məqsədi


İngiltərənin cənub sahilində yeni və maraqlı bir layihə başlayıb. Bu layihənin adı SeaCURE-dir və məqsədi dənizdən karbon qazını çıxarmaqdır. Layihə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hazırlanıb və İngiltərə hökuməti tərəfindən maliyyələşdirilir. Alimlər deyirlər ki, iqlim dəyişikliyinə səbəb olan əsas problem istixana qazlarıdır və bu qazların havaya buraxılmasını azaltmaq çox vacibdir. Amma eyni zamanda, artıq havaya buraxılan qazların bir hissəsini geri almaq da lazımdır. Bu işə “karbon tutma” deyilir. Karbon tutma texnologiyaları ya qazın havaya çıxmasının qarşısını alır, ya da birbaşa havadan çəkir. SeaCURE layihəsi də bu texnologiyalardan biridir. 

SeaCURE layihəsi karbonu havadan yox, dəniz suyundan çıxarmağın daha səmərəli olub-olmadığını yoxlayır. Çünki dəniz suyunda karbonun miqdarı havadakından çoxdur. Layihə İngiltərənin Weymouth şəhərində yerləşir. Burada qurulan sistem dəniz suyunu çəkir, karbonu çıxarır və suyu yenidən dənizə qaytarır. Bu su sonra daha çox karbonu udmağa başlayır. Layihənin məqsədi dəniz suyundan karbon çıxarmağın atmosferdəki CO2-ni azaltmaq üçün effektiv və ucuz bir yol olub-olmadığını tapmaqdır. Qrafik: Dəniz suyundan karbonun necə çıxarıldığını göstərir. Suyun necə çəkildiyi, borularla ötürüldüyü və aşağı karbonlu suyun okeana qaytarıldığı izah olunur.

Plymouth Dəniz Laboratoriyasından professor Tom Bell deyir ki, proses bəzi dəniz suyunu daha turş hala gətirməklə başlayır. Bu, suda həll olunan karbonun qaz halına keçərək atmosferə CO2 kimi buraxılmasını təşviq edir.

“Ayrıcı” – turş dəniz suyu ilə havanın maksimum təmas etməsini təmin edən böyük paslanmayan polad çəndir.

“Siz qazlı içkini açanda necə köpüklənir? Bu, CO2-nin çıxmasıdır”, – Prof. Bell deyir, - “Biz də suyu geniş səthə yayaraq CO2-nin tez çıxmasını təmin edirik. Sanki içkini yerə tökürük”.

Atmosferə çıxan CO2 hava borularıyla çəkilir və kömürləşdirilən kakos qabıqları ilə toplanaraq saxlamağa hazır hala gətirilir. Daha sonra aşağı karbonlu suya əvvəl əlavə olunan turşunu neytrallaşdırmaq üçün qələvi maddə əlavə olunur və su bir axınla dənizə qaytarılır. Su dənizə qaytarıldıqdan dərhal sonra atmosferdən yenidən CO2 udmağa başlayır və bu, istixana qazlarını azaltmağa çox kiçik də olsa, töhfə verir.

Hazırda, daha inkişaf etmiş karbon tutma texnologiyaları var ki, karbonu birbaşa havadan çıxarır, lakin SeaCURE layihəsinin rəhbəri Dr. Paul Halloran deyir ki, su istifadə etməyin üstünlükləri var.

“Dəniz suyunda havaya nisbətən 150 dəfə çox karbon var” ,– deyə Dr. Halloran qeyd edir, - “Amma bunun fərqli çətinlikləri var, çünki bu proses üçün lazım olan maddələri dəniz suyundan əldə etmək çox enerji tələb edir”. Hazırda pilot layihənin çıxardığı CO2 miqdarı çox azdır, ildə maksimum 100 metrik ton, bu, Atlantik okeanını keçən bir kommersiya təyyarəsinin buraxdığı CO2-dən azdır. Amma SeaCURE layihəsinin arxasında duranlar hesab edir ki, okeanların genişliyi nəzərə alındıqda bu texnologiyanın potensialı böyükdür. SeaCURE-un hökumətə təqdim etdiyi hesabatda deyilir ki, əgər okeanın səthindəki suyun 1%-i bu proseslə işlənərsə, ildə 14 milyard ton CO2 çıxarıla bilər. Bunun mümkün olması üçün isə bütün bu karbon çıxarma prosesi bərpa olunan enerji ilə, məsələn, dənizdə üzən qurğularda quraşdırılmış günəş panelləri ilə təmin olunmalıdır.

SeaCURE layihəsi hökumətdən 3 milyon funt sterlinq maliyyə alıb və Birləşmiş Krallıqda istixana qazlarını tutmaq və saxlamaq texnologiyalarını inkişaf etdirmək üçün dəstəklənən 15 pilot layihədən biridir.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et