Cambridge Universitetindən olan alimlər NASA-nın James Webb Kosmik Teleskopunun müşahidələrinə əsasən Yer kürəsindən 120 işıq ili uzaqlıqda yerləşən K2-18b planetində həyat ola biləcəyinə dair izlər aşkar ediblər. Araşdırmalara görə, planetin atmosferində dimetil sulfide (DMS) molekulunun izlərinə rast gəlinib. Yer kürəsində bu maddə yalnız canlı orqanizmlər, xüsusilə də fitoplanktonlar tərəfindən istehsal olunur. Bu isə planetdə bioloji həyatın mümkünlüyü ilə bağlı ehtimalları gücləndirir.

Alimlər, həmçinin planetin atmosferində metan və karbon dioksid qazlarının da mövcud olduğunu müəyyənləşdiriblər. Bu iki qazın bir yerdə aşkarlanması K2-18b-nin səthində maye halda suyun, yəni okeanların ola biləcəyini göstərir. Araşdırma qrupu bu tapıntıların ümidverici olduğunu bildirir, lakin nəticələrin hələ ilkin olduğunu və daha dəqiq məlumatların toplanmasının vacibliyini vurğulayır.
James Webb Kosmik Teleskopu vasitəsilə aparılan bu müşahidələr kosmosda həyat axtarışında mühüm mərhələlərdən biri hesab olunur. Növbəti illərdə bu planetlə bağlı daha geniş tədqiqatların aparılması planlaşdırılır.
Mənbə: ABC news
Tərcümə etdi: Səidə Abasova
