Bu gün:

Turnerin “The Fighting Temeraire” əsəri


JMW Turnerin “The Fighting Temeraire” əsəri 1839-cu ildə ilk dəfə nümayiş olunduqda milli bir simvola çevrilib və bu şöhrəti bu günə qədər davam edir. Bu əsər bir zamanlar Böyük Britaniyanın ən sevilən tablosu seçilib və hal-hazırda 20 funtluq əsginasların üzərində yer alır. Lakin bu ikonik rəsmin geniş şəkildə qəbul edilən mesajı, əslində, Turnerin əsl niyyətlərinə zidd ola bilər. 

Əsərdəki “Temeraire” adı Britaniya Donanmasına məxsus 98 topa sahib döyüş gəmisinə aiddir və tablo onun son səfərini təsvir edir. Bu gəmi Napoleon müharibələri zamanı Britaniyanın müdafiəsində qəhrəman kimi tanınıb. Lakin 1838-ci ildə sökülərək hissə-hissə satıldıqdan sonra xalqın diqqətini çəkib. 

2012-ci ildəki "Skyfall" adlı James Bond filmində bu tabloya istinad edilən bir səhnə var. Bond (Daniel Craig) və Q (Ben Whishaw) Londondakı Milli Qalereyada tablonun qarşısında əyləşirlər. Müasir texnologiya həvəskarı olan Q deyir: “Bu, həmişə məni bir az kədərli hiss etdirir. Möhtəşəm bir köhnə döyüş gəmisinin rüsvayçılıqla sökülməyə aparılması”. Bu da əsərin geniş şəkildə nostalji və keçmiş milli şöhrətin sönməsi kimi qəbul edildiyini göstərir. 19-cu əsrdə yazıçı William Makepeace Thackeray yedək gəmisinə “balaca, kin dolu, şeytani bir buxar gəmisi”, Herman Melville isə “nəhəng Temeraire ilə müqayisədə cırtdan” deyə yazıb. 

Turner bu tablonu çəkəndə 64 yaşında olub. 1775-ci ildə Londonda yoxsul bir bölgədə doğulub, lakin 14 yaşında Kral İncəsənət Akademiyasına qəbul olub. 24 yaşında akademik, 32 yaşında isə Perspektiv professoru olub. Turner zadəganlarla ünsiyyətdə olsa da, danışıq tərzini və davranışlarını heç vaxt dəyişməyib. Eyni zamanda, özəl qalereya açan və zəngin himayədarlar axtaran bir sənətkar olaraq da tanınıb. “The Fighting Temeraire” əsəri də, bu baxımdan, milli qürur hissi ilə tamaşaçıların geniş marağını qazanmaq məqsədinə xidmət edir. Lakin bu tablo təkcə nostalji və vətənpərvərlikdən ibarət deyil. Əslində, burada əsas diqqət yedək gəmisinə yönəlməlidir. Turner bu dövrdə yeni texnologiyaya olan buxar gücünə çox daha mürəkkəb və maraqlı yanaşıb. 

Turner texniki yeniliklərə uyğunlaşmaq üçün rəssamlıq texnikasını da dəyişib. Bu tabloda yeni ixtira olunan Lemon Yellow və Scarlet Lake adlı rənglərdən istifadə edib. 

Turnerin texnologiyaya marağı və onu əks etdirmə cəhdi növbəti sənət nəsillərinə də təsir göstərib. Claude Monet və Camille Pissarro onun sənətindən ilham alıb. 

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et