Bu gün:

Musiqi və psixologiya: Hisslərimizi necə şəkilləndirir?


Qəbul etməliyik ki, musiqi insanlıq tarixinin ən güclü emosional vasitələrindən biri olub. Hər bir mədəniyyətdə və dövrdə insanlar hisslərini musiqi ilə ifadə edib, rahatlanıb və bağ qurublar. Lakin insan psixologiyasının maraqlı bir tərəfi də var: Çoxu özünü kədərli hiss etdikdə sevincli musiqilər deyil, məhz yavaş və melankolik melodiyalara üstünlük verir.

Bu vəziyyət ilk baxışda məntiqsiz görünə bilər. Axı əhvalımızı düzəltmək istəyiriksə, niyə şən musiqilərə deyil də, kədərli olanlara qulaq asırıq? 

Əslində, emosional çətinlik yaşadığımız zamanlarda yavaş musiqiyə qulaq asmaq psixi sağlamlığımıza bir çox baxımdan faydalı ola bilər.

Bəs bunun arxasındakı elmi səbəblər nələrdir?

Kədərli musiqi dinləmək bizə emosional boşalma yaşamağa və nəticədə rahatlamağa kömək edir. Bu cür musiqilər hisslərimizi basdırmaq əvəzinə, onlarla üzləşməyimizə şərait yaradır. İnsan beyni mənfi hissləri basdırmaq əvəzinə onları qəbul etməyə və üzərində işləməyə ehtiyac duyur. Bu da bizə katarsis — yəni duyğusal boşalma — yaşama imkanı verir. Buna görə bəzən kədərli bir musiqiyə qulaq asarkən ağlamağa başlaya bilərik.

Eyni zamanda, musiqidəki sözlərdə özümüzdən parçalar görə bilərik və bu hissləri təkcə bizim yox, başqalarının da yaşadığını anlamağımız bizi rahatlada bilər.

 Həqiqi həyatdan bir növ qaçış kimi də kədərli musiqiyə qulaq asırıq. Bəzi hallarda musiqi dinləmək, gerçəklikdən uzaqlaşaraq bizi fərqli düşüncələrə aparır və diqqətimizi yayındırır.

Bundan əlavə, musiqi təkliyə qarşı da təsirlidir. Kədər, adətən təklik hissi ilə birlikdə gəlir. Ancaq musiqi bu hissi yüngülləşdirə bilər. Bənzər hissləri ifadə edən bir mahnı sanki sizi anlayan biri ilə söhbət edirmişsiniz kimi hiss yarada bilər. Beyninizdə “Məni anlayan biri var” fikri səslənməyə başlayar.

İndi isə musiqinin biokimyəvi təsirlərinə və hormonlara nəzər salaq. Araşdırmalar göstərir ki, kədərli musiqi prolaktin hormonunun səviyyəsini artıra bilər. Bu hormon bədənin streslə mübarizə aparmasına kömək edir. Eyni zamanda, ürək döyüntüsünü yavaşladaraq qısa müddətli rahatlıq və boşalma hissi yaradır.

Bəs həmişə kədərli musiqiyə qulaq asmaq faydalıdırmı?

Daim bu cür musiqilərə qulaq asmaq emosional sağlamlığınıza mənfi təsir edə bilər. Xüsusilə depressiya kimi hallarda bu musiqilər mənfi hisslərin güclənməsinə səbəb ola bilər. Çünki dinlədiyimiz musiqinin ritmi ürək döyüntümüzə də təsir edir. Yəni yavaş musiqiyə qulaq asanda ürək döyüntünüz də yavaşlayır, bu da sizi daha aşağı enerjili və kədərli hiss etdirə bilər.

Bəs nə etməli?

Fərqli əhval üçün fərqli musiqi növlərinə üstünlük verin. Daim eyni tip musiqiyə qulaq asmaq digər hisslərə mane ola bilər. Axı heç kim hər gün kədərli hiss etmək istəmir, elə deyilmi?

Musiqiyə qulaq asarkən nə hiss etdiyinizə qulaq asın. Əgər əhvalınız daha da pisləşirsə, daha enerjili mahnılara keçmək faydalı ola bilər. Bütün hisslər gözəldir, amma sizi aşağı çəkən emosiyaların həyatınızın digər sahələrinə də təsir etməsinə imkan verməyin.

Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli


Paylaş
Şərh əlavə et