24Media.az-ın növbəti müsahibi AIESEC-in (Azərbaycanın İctimaiyyətlə Əlaqələr və Marketinq) üzrə Lokal komitə sədri Nazənin Məmmədlidir. O, yay aylarında gənclərin xaricdə təcrübə proqramlarına marağının artmasının səbəblərindən, onların motivasiyasından və AIESEC-in dəstəyindən danışıb.
-Sizcə, yay aylarında gənclərin xaricdə könüllülük və təcrübə proqramlarına marağının artmasının əsas səbəbləri nələrdir?

Gənclərin xaricdə könüllülük və təcrübə proqramlarına olan marağı onların gələcək karyeralarına daha əmin addımlarla başlamaq istəyindən, özünüinkişaf və fərqlilik axtarışından qaynaqlanır. Xüsusilə də, yay aylarında boş vaxtlarını daha səmərəli keçirmək, yeni insanlar tanımaq, özlərini inkişaf etdirmək, və mədəni müxtəliflik qazanmaq üçün gənclər bu müddətdə daha çox layihələrdə iştirak etmək istəyirlər. Akademik baxımdan öz sərhədlərindən kənara çıxmaq, yeni perspektivlər qazanmaq, peşəkar təcrübə formalaşdırmağın ən gözəl zamanının yay ayları olduğunu bilən gənclər daim bu müddət ərzində axtarışda olurlar.
-Gənclərin bu marağını müşahidə edərkən onların əsas motivasiyalarını necə dəyərləndirirsiniz-şəxsi inkişaf, karyera, yoxsa səyahət arzusudur?
Düşünürəm ki, inkişaf daim hərtərəfli olmalıdır. Gənclər olaraq bu illər elə bir yaş dövrüdür ki, özümüzü limitləmədən daim hər perspektivdə inkişaf etmək üçün yollar tapa bilərik. Gənclərin iştirak etdiyi hər hansı xarici layihə özündə həm karyera inkişafı, həm də şəxsi inkişaf elementlərini daşıyır. Müəyyən müddət ailədən kənarda gəncin özü üçün yeniliklər etməsi, fərqli mədəniyyətlərə adaptasiya olması, akademik və şəxsi inkişafında mühüm əhəmiyyət daşıyır. Təbii ki, bu məqamda səyahət arzusu əsas motivasiya qaynağı kimi götürülə bilər. Hər hansı ölkənin mədəniyyətinə, memarlığına, insanlarına olan maraq gənci oradakı layihələrə qoşularaq oranı kəşf etməyə sövq edir.
-AIESEC bu marağı necə qarşılayır? Yay dövründə hansı proqramlara daha çox tələbat olur?
Bildiyiniz kimi, AIESEC dünyanın ən böyük gənclər təşkilatlarından biridir və gənclərin 3 layihə əsasında mübadilə etmək və uğur qazanmasına şərait yaradır. Bunlara Qlobal Könüllülük, Qlobal İş və Qlobal Müəllimlik layihələri daxildir. Yay dövründə isə ən çox maraq Qlobal Könüllülük layihəsinə yönəlir. Çünki tələbələr bu Qlobal Könüllülük layihələri çərçivəsində bir çox xarici ölkələrdə könüllü olmaq şansı əldə edirlər. Layihəni uğurla başa vurduqdan sonra BMT tərəfindən təsdiq edilmiş sertifikatla təltif edilirlər. Hansı ki, bu sertifikat gənclərin gələcək karyera hədəflərini onlara daha da əlçatan edir.
-Təcrübə və könüllülük proqramları gənclərin gələcək karyerasına necə təsir göstərir? Bu barədə iştirakçılardan gələn rəylər nələrdir?
Təcrübə və könüllülük proqramları gənclərin gələcək karyerasına çoxsaylı müsbət təsirlər göstərir. Təcrübə proqramları gənclərə universitetdə öyrəndikləri nəzəri bilikləri real iş mühitində tətbiq etməyə imkan verir. Könüllülük isə müxtəlif sahələrdə təşkilatçılıq, ünsiyyət, komanda işi və liderlik kimi bacarıqları inkişaf etdirməyə kömək edir. Şəbəkələşmə və əlaqələrin qurulması digər vacib təsirlərdən biridir. Bu proqramlar vasitəsilə gənclər müxtəlif peşəkarlarla tanış olur, bu isə gələcəkdə iş tapmaq və ya tövsiyə almaq üçün faydalı ola bilər. İş dünyasına inteqrasiyanın sürətlənməsi gənclərin iş mühiti və mədəniyyəti ilə daha erkən tanış olması onların gələcəkdə adaptasiya prosesini asanlaşdırır. Proqramlar vasitəsilə təcrübə əldə edən gənclərin çoxunun rəyləri daim bu istiqamətlərdədir.
-Sizcə, xaricdə könüllü və ya təcrübə proqramına qatılmış bir gəncin şəxsi inkişafında hansı əsas dəyişikliklər müşahidə olunur?
Düşünürəm ki, bir çox müsbət yönlərdə dəyişikliklərdən bəhs edə bilərəm. Müstəqillik və özünəinam, mədəni müxtəliflik, ünsiyyət bacarıqlarının inkişafı, fərqli mühitlərə uyğunlaşma qabiliyyəti, liderlik bacarıqlarının inkişafı bu dəyişikliklərə nümunə ola bilər.
Fərqli ölkədə yaşamaq, gündəlik qərarlar vermək və problemləri təkbaşına həll etmək gəncin müstəqilliyini və özünəinamını gücləndirir. Qərarsızlıq və çəkingənlik azalır. Əlavə olaraq, fərqli mədəniyyətlərdə yaşayan insanlarla ünsiyyət gəncin dünyagörüşünü genişləndirir. Bu, həm də qlobal düşünmə qabiliyyətini artırır. Bununla yanaşı, xarici ölkədə ingilis dili və ya başqa bir dildə ünsiyyət qurmaq gəncin dil bacarıqlarını sürətlə inkişaf etdirir. Fərqli dildə və mühitdə təcrübə zamanı gənc daha çevik düşüncəli, stressə davamlı və dəyişikliklərə açıq olur. Ən əhəmiyyətli fərqlərdən biri isə gəncin həm şəxsi, həm peşəkar həyatı ilə bağlı qərarlarını şəxsən verməsi, liderlik və idarəetmə qabiliyyətlərinin artmasıdır.
-Son olaraq, bu yay üçün AIESEC-in məqsədləri və gözləntiləri nələrdir? Gənclərə hansı çağırışları etmək istərdiniz?
Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən, minlərlə gənc liderlər yetişdirən və saysız gələcəyə işıq olan, ən böyük gənclər təşkilatı olaraq bu yay üçün gözləntilərimiz yüksək və müsbət yöndədir. Yeni və müxtəlif ölklərdə təşkil olunan layihələrdən maksimum çox tələbənin xəbər tutması və istifadə etməsi üçün əlimizdən gələni edərək özünü təkmilləşdirmək istəyən gənclərin yanında olacağıq. İnkişaf gözləmir, daim gəncləri səsləyir. Ümid edirəm, özünü daha yaxından kəşf etmək istəyən, karyera pilləkənlərində özünəinamla addımlamaq istəyən hər bir gənc öz potensialını AIESEC-lə kəşf edə bilər. Əziz gənclər, sizə verilən limitli zamanı sərhədsiz xəyallarınızla dəyərləndirin.
Amin Həsənli
