24Media.az-ın budəfəki müsahibi psixoterapevt Məleykə İsmayılovadır. O, boşanmanın səbəblərindən və qarşılıqlı anlaşmanın bərpa edilməsindən danışıb.
-Boşanma ilə nəticələnən evliliklərin əsas səbəblərindən biri də tərəflərin bir-birini anlamamasıdır. Bu cür anlaşılmazlıqların psixoloji kökləri nələrdir və bu problemi yaşayan cütlüklər boşanma həddinə çatmazdan əvvəl qarşılıqlı anlaşmanı necə bərpa edə bilərlər?
Ailələrin dağılmasının əsas səbəblərindən biri qarşılıqlı anlaşmazlıqdır. Cütlüklər bir-birini anlamaqda çətinlik çəkir və bu da münasibətlərin gərginləşməsinə, bəzən isə dağılmasına gətirib çıxarır. Bəs insanlar nəyə görə bir-birini anlamaq istəmirlər?
Bu halın kökləri çox vaxt insanın böyüdüyü mühitə və formalaşmış dəyərlər sisteminə bağlı olur. Bəzən evlənən fərd psixoloji baxımdan evlilik yaşına çatmamış olur, yəni ailə məsuliyyətini və qarşılıqlı anlayışı dərk etməkdə çətinlik çəkir. Əgər fərdin dəyərlər sistemi qarşı tərəfin fikirlərini qəbul etməyə imkan vermirsə, bu zaman münasibətlərdə ciddi ziddiyyətlər ortaya çıxır. Qarşı tərəfi anlamaq istəməmək, əslində, fərdin daxili müqavimətindən, dəyişikliklərə açıq olmamasından qaynaqlanır. Çox zaman bəzi xüsusiyyətlər tanışlıq dövründə deyil, yalnız evlilik dövründə üzə çıxır. Bu da tərəfləri çaşdırır və gözləntilərin uyğun gəlməməsinə səbəb olur. Müasir dövrdə insanların dözümlülük səviyyəsi də azalıb. Ən çox rast gəlinən problemlərdən biri də ünsiyyətsizlikdir. Bəzən hər iki tərəf arasında, bəzən isə yalnız bir tərəfdə ünsiyyət qurmaq istəyi olur, digər tərəf isə buna qarşılıq vermir. Belə olduqda münasibətlərdə soyuqluq yaranır və zamanla bu, emosional uzaqlaşmaya gətirib çıxarır.
Əslində, bu gün boşanma təkcə hüquqi sənədlərlə deyil, psixoloji səviyyədə də baş verir. Yəni kağız üzərində ailə birliyi davam etsə də, reallıqda cütlüklər artıq bir-birindən uzaq düşmüş olurlar. Qarşılıqlı anlaşmanı bərpa etmək üçün bəzən köməkçi bir vasitə və ya üçüncü tərəf axtarılır. Amma bu prosesdə ailə modelini və dəyərləri düzgün təhlil etmək, şəxsi məsuliyyəti dərk etmək vacibdir. Hətta psixoloq belə yalnız yön verə bilər, amma əsas addımı atmalı olan tərəflərin özləridir. Qarşılıqlı anlaşmanın bərpası və münasibətlərin qorunması da məhz onların istəyi və səyi ilə mümkün ola bilər.
Çinarə Tarverdiyeva