Bu gün:

Musiqi hisslərimizə necə təsir edə bilir?


Qəbul etməliyik ki, musiqi insanlıq tarixində ən güclü emosional ifadə vasitələrindən biri olub. Hər dövrdə və mədəniyyətdə insanlar duyğularını musiqi ilə ifadə edib, onun vasitəsilə rahatlıq tapıb və başqaları ilə mənəvi bağ qurublar.

İnsan psixologiyasının maraqlı bir cəhəti də var: Çox zaman insanlar özlərini kədərli hiss etdiklərində sevindirici deyil, məhz yavaş və melankolik melodiyalara üstünlük verirlər.

Bəs əhvalımızı düzəltmək istəyiriksə, niyə şən musiqilərə deyil, kədərli olanlara qulaq asırıq?

Əslində, emosional çətinlik yaşadığımız zamanlarda yavaş musiqiyə qulaq asmaq psixi sağlamlığımıza bir çox baxımdan faydalı ola bilər.

Bəs bunun arxasındakı elmi səbəblər nələrdir?

Kədərli musiqi dinləmək emosional rahatlama təmin edərək, hisslərimizi basdırmaq əvəzinə onlarla üzləşməyimizə kömək edir. İnsan beyni mənfi emosiyaları qəbul etməyə və üzərində işləməyə ehtiyac duyur, bu da kədərli musiqilərin şəfa verici rolunu izah edir. Bu bizə katarsis, yəni duyğusal rahatlama, yaşama imkanı verir.

Eyni zamanda, musiqidəki sözlərdə özümüzdən parçalar görə bilərik və bu hisslərin təkcə bizim deyil, başqalarının da yaşadığını anlamaq bizə rahatlıq verə bilər.

Kədərli musiqiyə qulaq asmaq, həqiqi həyatdan bir növ qaçış kimi də təsir göstərir. Bəzi hallarda musiqi dinləmək, gerçəklikdən uzaqlaşaraq bizi fərqli düşüncələrə yönəldir və diqqətimizi yayındırır.

İndi isə musiqinin biokimyəvi təsirlərinə nəzər salaq

Araşdırmalar göstərir ki, kədərli musiqi prolaktin hormonunun səviyyəsini artıra bilər. Bu hormon bədənin streslə mübarizə aparmasına kömək edir və ürək döyüntüsünü yavaşladaraq qısa müddətli rahatlıq və boşalma hissi yaradır.

Bəs həmişə kədərli musiqiyə qulaq asmaq faydalıdırmı?

Daim kədərli musiqilərə qulaq asmaq emosional sağlamlığımıza mənfi təsir göstərə bilər. Xüsusilə, depressiya kimi hallarda, bu musiqilər mənfi hisslərin güclənməsinə səbəb ola bilər. Çünki dinlədiyimiz musiqinin ritmi ürək döyüntümüzə də təsir edir.

Bəs nə etməli?

Fərqli əhval üçün fərqli musiqi növlərinə üstünlük verin. Daim eyni tip musiqiyə qulaq asmaq digər hissləri kölgədə qoya bilər.

Musiqiyə qulaq asarkən nə hiss etdiyinizə diqqət yetirin. Əgər əhvalınız daha da pisləşirsə, daha enerjili mahnılara keçmək faydalı ola bilər. Bütün hisslər gözəldir, ancaq enerjinizi azalda bikəcək emosiyaların həyatınızın digər sahələrinə təsir etməsinə imkan verməyin.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli


Paylaş
Şərh əlavə et