24media.az-ın növbəti müsahibi klinik psixoloq Fuad Əsədovdur. O, insanların qorxu filmlərinə maraq göstərməsinin səbəbini açıqlayıb, bu janrın psixoloji və emosional cazibəsindən danışıb.
Fuad Əsədovun sözlərinə görə, təhlükə qarşısında hiss etdiyimiz qorxu və həyəcan həzz duyğusu ilə eyni beyin bölgəsində əmələ gəlirlər. Bu bölgəyə, başqa sözlə, mezolimbik mükafat yolu da deyilir və mükafatlandırıldığımız zaman yenə eyni beyin bölgəsi fəaliyyətə başlayır.
Klinik psixoloq bu bölgənin quruluşunu və vəzifəsini izah edib:
"Mezolimbik mükafat yolu VTA və akumbens nüvəsindən təşkil olunub, dopamin neyronları ilə dəstəklənir. VTA və akumbens nüvələri qarışıq sinir tellərindən ibarət strukturlardır, onların vəzifələri isə bizə zövq hissi yaşatmaqdır".
O, həmçinin bu sistemin daha yaxşı anlaşılması üçün örnəklər verib, narkomanların alışqanlıqlarının səbəbini açıqlayıb:
"Narkomanların narkotikdən ayrılmaqda çətinlik çəkmələrinin səbəbi mezolimbik sistemin alışqanlıq funksiyası ilə əlaqəlidir. Qaşınan bədən bölgəsini qaşıdığımızda bundan zövq almamızın səbəbi də məhz bu beyin hissəsi ilə bağlıdır".
Bəs bütün bunların qorxu ilə nə əlaqəsi var?
Müsahibimiz bildirir ki, bizdə olan maraq duyğusu hər şeyin başında gəlir. Həyəcanlı attraksionlara ya da qorxu filmlərinə ilk olaraq elə buna görə, maraq üçün müraciət edirik.
Sonda klinik psixoloq Fuad Əsədov qorxu filmlərinə olan marağın səbəbini bu cür vurğulayıb:
"Proses ərzində qorxsaq da, film bitdiyində, yaxud qorxulu səhnələr keçəndə rahatlayırıq. Məhz bu rahatlamanı beyin mükafat olaraq qiymətləndirir. Nəticədə, həmin mükafatı təkrar-təkrar əldə etmək üçün dəfələrlə həyacanlı əyləncələrə yönəlirik".
Aydan Qasımova