24media.az-ın budəfəki müsahibi dermatoloq Tünzalə Əzizlidir. O, retinolun dəri üçün olan faydalarından və onun əhəmiyyətindən bəhs edib.
-Retinol nədir və dəriyə hansı faydaları var?
Retinol A vitamininin törəməsi olan bir molekuldur. Bu maddə həm dərman preparatlarının, həm də kosmetik dəriyə qulluq vasitələrinin tərkibində geniş istifadə olunur. Dəriyə tətbiq olunduqda hüceyrə yenilənməsini stimullaşdırır, bir sıra dəri problemlərinin müalicəsində mühüm rol oynayır. Retinolun əsas üstünlüklərindən biri onun yaş əleyhinə təsiridir. Kollagen sintezini artıraraq dəridə elastikliyi və möhkəmliyi bərpa edir, incə xətt və qırışların görünümünü azaldır. Bundan əlavə, sızanaq kimi aktiv dəri problemlərinin müalicəsində də istifadə edilir. Məsamələri təmizləyir, yağ ifrazını tənzimləyir və sızanaqlardan sonra yaranan ləkələrin azalmasına kömək edir. Retinol piqmentasiya və dəri tonu bərabərsizliyi ilə mübarizədə də effektivdir. Günəş və yaşla bağlı ləkələrin aradan qaldırılmasına, dəri tonunun bərabərləşməsinə və daha parlaq, sağlam görüntü qazanmasına töhfə verir. Dərinin üst qatındakı ölü hüceyrələri təmizləyərək, hamar və canlı bir görünüş yaradır.
-Retinoldan düzgün istifadə qaydaları nələrdir?
Retinol istifadəsi hamilə və süd verən qadınlara tövsiyə edilmir. Həssas dəri tipinə sahib şəxslər isə bu məhsula daha ehtiyatla yanaşmalıdır. İlk dəfə istifadə edənlər üçün az miqdarda başlamaq və həftədə iki dəfə olmaqla tətbiq etmək daha məqsədəuyğundur. Dərinin reaksiyasına uyğun olaraq istifadənin tezliyi tədricən artırıla bilər. Lakin bu proses mütləq dermatoloq nəzarəti altında aparılmalıdır. Retinol, əsasən, gecə saatlarında istifadə olunmalıdır. Gün ərzində isə mütləq şəkildə günəş qoruyucu krem tətbiq edilməlidir, çünki retinol dəriyi günəş şüalarına qarşı daha həssas edir. İstifadə zamanı tez-tez tövsiyə olunan “sendviç üsulu” tətbiq olunur: əvvəlcə, təmizlənmiş dəriyə nəmləndirici krem çəkilir, ardından retinol tətbiq edilir və sonda, yenidən nəmləndirici ilə tamamlanır. Bu metod retinolun dəriyə qarşı mənfi risklərini azaldır.
Fatimə Mustafayeva