Bu gün:

"Unipolar depressiya təkcə kədərli olmaq demək deyil..."


24Media.az-ın budəfəki qonağı psixoloq Aydan Məmmədovadır. O, Unipolar depressiyaya dair suallarımızı cavablandırıb. 

-Unipolar depressiya nədir və digər depessiya növlərindən nə ilə fərqlənir?

Ümumiyyətlə, depressiya növlərinin içərisində ən çox rast gəlinən növ məhz Unipolar depressiyadır. Bu depressiyanın əsas xüsusiyyəti uzunmüddətli kədər, maraqsızlıq və ümidsizlik hisslərinin davam etməsidir. Bu növdə insan yalnız depressiv əhval yaşayır və yüksək əhval halları müşahidə olunmur. Bu xüsusiyyət isə onu bipolyar pozuntudan fərqləndirir. Çünki bipolyar pozuntuda insan həm depressiya dövrləri həm də maniakal, yəni həddindən artıq enerji və yüksək əhval dövrləri yaşayır. Unipolar depressiyada isə yalnız bir qütbdə, yəni aşağı əhvalda dəyişikliklər olur. Unipolar depressiya təkcə kədərli olmaq demək deyil. Bu əhvalın insanın gündəlik həyat fəaliyyətini, sosial münasibətlərini və iş qabiliyyətini ciddi şəkildə zəifləməsidir.

-Unipolar depressiyanın əsas simptomları hansılardır?

Unipolar depressiyanın əsas simptomları bunlardır: Uzun müddətli kədər və boşluq hissi, marağın və zövq hissinin itməsi, yorğunluq və enerjisizlik hissi, yuxu pozuntusu( həddindən artıq yatma və yaxud yuxusuzluq), iştahın dəyişməsi və buna bağlı çəki artımı və ya çəki azalması, özünü dəyərsiz və günahkarlıq hissi, diqqət toplamaqda və qərar verməkdə çətinlik, ən təhlükəli simptom isə ölmək istəmə və yaxud intahar etmə hissidir. Bu hisslər sadəcə Unipolar depressiyanın əsas simptomlarıdır. Bu simptomlar ən azı iki həftə davam edirsə və insanın gündəlik həyatına mənfi təsir edirsə, bu artıq Unipolar depressiyanın olması deməkdir.

-Unipolar depressiyanın yaranmasına təsir edən genetik və ətraf mühit faktorları nələrdir?

Unipolar depressiyanın yaranmasında, həm genetik həm də ətraf mühit faktorları rol oynayır. Genetik faktorlar dedikdə ailədə depressiyadan əziyyət çəkən birinin olması Unipolar depressiyanın yaranma riskinin artmasına səbəb ola bilər. Məsələn, əgər birinci dərəcəli qohumda Unipolar depressiya varsa, bu vəziyyətin irsi keçmə ehtimalı artır. Bu beyində serotonin dopamin və noradrenalin kimi kimyəvi maddələrin tarazlığı ilə əlaqəli ola bilər. 

Unipolar depressiyanın yaranmasına təsir edən ətraf mühit faktorları isə bunlardır: Uşaq vaxtı travmalar və itkilər, zorakılıq və laqeyd münasibətlər, iş təzyiqləri və münasibət problemləri, ciddi fiziki xəstəliklər, maddi aslılıq məsələn, alkoqollardan və ya narkotik maddələrdən asılılıq. Bu faktorlar Unipolar depressiyanın yaranmasına, ortaya çıxmasına şərait yarada bilir, ancaq eyni şəraitdə olan hər kəs bu depressiyaya düşmür. Bu da fərdi pisxologiyanın nə qədər fərqli olduğunun göstəricisidir. 

Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et