Bu gün:

Körpələr ana bətnində olarkən nələri sevirlər?


Hamiləlik dövründə anaların etdiyi hər hərəkət onların körpələrinə də təsir edir. Körpəniz sizin bir çox hərəkətlərinizdən zövq alır və xoşhallanır.

Körpənin ən çox zövq aldığı hərəkətlər :

Ananın xoşbəxt olması zamanı bədəndə ifraz olunan hormonlar körpəyə də müsbət təsir göstərir. Ultrasəs müayinələri zamanı müşahidə olunub ki, ana güldükdə bətnindəki körpə də hərəkətlənir və fəallaşır.

Körpə bətndə uyğun ölçüyə çatdıqdan sonra xarici temperatur dəyişikliklərini də hiss etməyə başlayır. Bu səbəbdən isti (lakin qaynar olmayan) duşlar həm ananı, həm də körpəni rahatladır. Lakin suyun temperaturuna diqqət yetirilməlidir ki, çox isti su narahatlıq yarada bilər.

Körpənin toxunma hissi 8-ci həftədən inkişaf etməyə başlayır və 20-ci həftəyə qədər ana bətnindəki xarici toxunuşları hiss edəcək qədər böyüyür. Bu dövrdə qarına toxunmaq, ata ilə birlikdə qarnı sığallamaq və eyni zamanda sakitləşdirici musiqi dinləmək körpə üçün sevindirici və sakitləşdirici təsirə malikdir. 

Körpənin sağlam ürək inkişafı üçün ananın hamiləlik dövründə müntəzəm hərəkətdə olması önəmlidir. Gəzinti kimi yüngül idman növləri tövsiyə edilir, lakin hamilə qadının hansı idman növü ilə məşğul ola biləcəyini həkimlə məsləhətləşməsi vacibdir.

Musiqi körpənin hisslərini stimullaşdırır və beyin inkişafına müsbət təsir edir. Ananın musiqi dinləyərkən xoşbəxt və rahat hiss etməsi, bu hisslərin körpəyə də keçməsinə səbəb olur.

25-26-cı həftədən etibarən körpələr xaricdən gələn səsləri eşidə və onlara reaksiya verə bilirlər. Ana səsi körpənin eşitdiyi ən yaxın və tanış səsdir, buna görə də körpə onu ayırd etməyi öyrənir. Körpənizlə danışmaq, ona nağıl və ya kitab oxumaq faydalı ola bilər. Eyni zamanda atanın səsini eşitmək də körpəyə müsbət təsir göstərir.


Mənnə: Habertürk 

Çinarə Tarverdiyeva

Paylaş
Şərh əlavə et