24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyevdir. O, yeniyetmələrin narkotik istifadə etməsi barədə danışıb.

- Yeniyetmələrdə bəzən narkotika maraq yaranır, hətta istifadə edənlərə də rast gəlinir. Belə olanda yeniyetmələri bundan necə uza tutmaq lazımdır?
Ümumiyyətlə, statistikaya baxsaq, görərik ki, 82-85 faiz insan yeniyetməlik dövründən asılılıqdan əziyyət çəkməyə başlayır. Bunun da 3 səbəbi var: birincisi, beynimizin funksional dəyişikliyi ilə bağlıdır, yəni yeniyetməlik dövründə beynimizin emosional bölgəsi aktiv olduğuna görə, düşüncələrimiz emosional sonluqla bitir. Nəticədə, həmin şəxs maddə istifadəsinə başlayanda sonunu düşünmür, ona elə gəlir ki, asılılığın öhdəsindən asanlıqla gələcək. Lakin sonda artıq geriyə yol olmur.
İkincisi budur ki, 4-5 yaşda yaranan psixoloji və fizioloji travmalar şəxsiyyətin inkişafına mane olduğuna görə, şəxs gələcəkdə özünü təsdiq etmək, daim diqqət mərkəzində olmaq, özünü günahlandırmanın qarşısını almaq və.s özündə olmayan hisslərin, duyğuların bərpasə üçün maddə asılılığına yönəlir.
Üçüncüsü isə, genetik faktorlarla əlaqələndirilir. “Genetik meyillilik” dediyimiz bir anlayış var ki, burada şəxsin I dərəcəli yaxın qohumlarında xroniki asılılıq növü varsa, gələcəkdə onun bu səbəbdən əziyyət çəkmə ehtimalı daha çoxdur
Yeniyetmənin narkotik maddə istifadə edib-etmədiyini isə labarator şəratikdə ancaq həkim-narkoloq ekspress və ya digər test üsulları ilə yoxlaya bilər. Bu proses ərzində psixoloqun heç bir rolu yoxdur.
Digər tərəfdən, yeniyetmələri maddə asılılığından uzaq tutmaqdan əvvəl onların şəxsiyyət kimi formalaşmasını təmin etmək lazımdır. Əslində, şəxsin həyatındakı psixoloji problemlər, şəxsiyyətin inkişafındakı boşluqlar, nəzarətsizlik, valideynlə övlad arasındakı ünsiyyətin az olması və.s kimi hallar onun narkotik vasitələrdən daha da asılı olmasına gətirib çıxarır. Buna görə də valideynlərə övladları ilə bağlı bəzi tösiyələr veririk ki, bunlara idmanla məşğul olmaq, mütailə, hər hansı psixoloji problem baş verəndə mütəxəssisə müraciət etmək və.s aid edilə bilər.
Narkotik maddələrin istifadəsi zamanı şəxsdə 3 əsas dəyişiklik hiss olunur:
Psixoloji, sosial, fizioloji dəyişikliklər.
Sosial dəyişiklik dedikdə, şəxsin dost çevrəsinin dəyişməsi, ünsiyyət problemi, şəxsiyyətlərarası münasibətlərdə konfiliktlər, dərsə, işə qarşı olan marağın azalması və.s nəzərdə tutulur.
Fizioloji dəyişiklik adından da görünüdüyü kimi, fiziki proseslərin baş verməsidir ki, bunlara arıqlama, saçın tökülməsi, mədə-bağırsaq və ürək-damar sistemindəki xəstəliklər, göz bəbəklərinin böyüyüb-kiçilməsi kimi halları misal göstərmək olar.
Son olaraq, psixoloji dəyişikliklərə depressiv hallar, özünəqapanma, təkliyə meyillilik, yalan danışmaq, kobud, etik olmayan ifadələri istifadə etmək kimi bir sıra psixiatrik və nevroloji problemləri aid etmək mümkündür. Əgər bu simptomlar müşahidə edilərsə, mütləqdir ki, övladımızıla effektiv ünsiyyət qurmaq lazımdır. Qətiyyən, narkotik istifadə etdiyinə görə onu mühakimə etmək, danlamaq olmaz. “Mən səni anlayıram, başa düşürəm” kimi ifadələrdən istifadə edilməlidir. Bununla da, narkotik maddə sitifadə edən şəxs düşünür ki, valideynləri onu düşünür, çox istəyir və məhz bu səbəbdən onu tərk etməyəcəklər. Beləliklə, o, komfort zonasını bu maddələrdə tapmayacaq, müalicə üçün özü də istəkli olcaq.
Fərahim Rzazadə
