24Media.az-ın budəfəki qonağı Bakı Dövlət universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Cahangir Hüseynzadədir. O, müəllifi olduğu kitablar və yazıçılıq fəaliyyətinin gələcəyi ilə bağlı suallarımızı cavablandırıb.
-Hüquq təhsili alarkən kitab yazmaq fikriniz necə yarandı və bu prosesi necə idarə etdiniz?
İlk olaraq, qeyd etmək istəyirəm ki, mənim ilk kitab təcrübəm olan "Atılmış püşk"ü hüquq təhsili alarkən deyil, ondan əvvəl, yəni 11-ci sinifdə yazmağa başladım. Yazmağa başlamazdan əvvəl araşdırma prosesi oldu, çünki əsər tarixi mövzuda idi və 2-ci Dünya Müharibəsi dövrünü əhatə edirdi. Təbii ki, mən əsər yazırdımsa, yalnız dərslik məlumatları ilə kifayətlənmək olmazdı. Kitablardan, mənbələrdən, sənədli və bədii filmlərdən müəyyən təcrübə əldə etdim. Nəticədə, 2022-ci ilin mart ayında yazmağa başladım və təxminən sentyabr ayında əsəri tamamladım. Daha sonra, təxminən bir il ərzində üzərində işləndi, korreksiyası aparıldı və 2023-cü ildə nəşr olundu.
Bu prosesi idarə etmək də çətin idi, çünki 11-ci sinifdə imtahanlarımız vardı və hər iki işi eyni anda aparmaq mümkün deyildi. Buna görə də, həftə sonları (şənbə və bazar) və tətil günlərində, eləcə də yay tətilində kitabı yazmağa davam etdim. Əgər kitab 220 səhifədirsə, onun 100 səhifəsini məhz tətil zamanı yazmışdım. Vaxt faktoru burada əsas rol oynayır. Digər kitablarıma gəldikdə, onları artıq 1-ci kursdan sonra yazmağa başladım. "Köçkün Yerlilər"i yazarkən artıq 1-ci kursu bitirdim, "Qanlı qalstuk"u isə 2-ci kursda olan zaman yazmışam.
-Gələcəkdə hüquq və yazıçılıq sahəsində hansı planlarınız var? Hər ikisini birlikdə davam etdirmək istəyirsiniz?
Hüquq və yazıçılıq sahəsindəki planlarım belədir: Əsas sahəm hüquqdur, yəni yazıçılıq fəaliyyətini sadəcə bir maraq olaraq həyata keçirirəm. Kitablar vasitəsilə müəyyən fikirləri və mesajları cəmiyyətə, xüsusilə, yaşıdlarıma çatdırmaq istəyirəm. Əgər bir kitab yazıramsa, deməli, ətrafımdakı insanlara çatdırmaq istədiyim bəzi məqamlar var. Gələcəkdə isə hüquq mənim əsas sahəm olacaq. Təbii ki, hər iki sahəni birgə davam etdirmək imkanı olsa, mənim üçün xoş olar.
-Kitabınızı yazmağa sizi nə ilhamlandırdı?
Bu sual haqqında geniş danışa bilərəm, çünki mənim ilk kitabım olan "Atılmış püşk"ü araşdırmağa karantin dövründə başladım. Məni ilhamlandıran hadisə isə belə olub: Bir gün yanımda bir uşaq gördüm ki, dünya müharibəsi ilə bağlı kitab oxuyur. Mən həmin kitabı alıb maraqla vərəqlədim və orada bir Alman əsgərinin müharibə dövrünə dair xatirələrini oxudum. Daha sonra o xatirələr əsasında kitabın nəşr olunduğunu öyrəndim. Kitabın yaranma səbəbi isə həmin əsgərin müharibənin dəhşətlərindən bütün dünyaya xəbərdar etmək istəməsi olub. Bu mənə belə fikir verdi ki, mən də bu üslubda bir əsər yaza bilərəm. Beləliklə, bu düşüncə ilə yazmağa başladım, nəticədə, kitabımı ərsəyə gətirdim. Digər kitablarımda da müəyyən xarici ədəbiyyatlardan və ya xarici filmlərdən bəhrələnmə mövcuddur. Ümumiyyətlə, demək istəyirəm ki, əgər ortada bir əsər varsa, mütləq bir ilham qaynağı vardır. Əsər yazmaq və ya ədəbiyyatın özü yalnız oxuduğumuz bir neçə təhlili əzbərləmək, danışmaq və ya qiymət almaq deyil. Ədəbiyyat özü bir fəlsəfədir. Məsələn, Lev Tolstoy "Anna Karenina"nı yazarkən, o, yerdə uzanıb can verirdi, hönkürərək deyirdi ki, Anna Karenina öldü. Bir insana, bir yazıçıya bunu yaşatmaq üçün ədəbiyyatın arxasında çox geniş və dərin mənalar olmalıdır. Mən də bir yazıçı olaraq, həmin dərinliklərə düşdüyümü hiss edirdim.
Səidə Əsədli