Bu gün:

Daha az mühakimə etməyin faydaları nələrdir?


İnsanlar hər gün vəziyyətlər və ya hadisələr haqqında mühakimələr edirlər. Bu, hamımızın məşğul olduğu ümumi bir vərdişdir. Məsələn, bir insanla görüşəndə onun həyat tərzi, görünüşünü mühakimə etməyə meylli oluruq. 

Mühakimə nəticələrə gəlmək və qərarlar qəbul etmək üçün insanları, vəziyyətləri və münasibətləri qiymətləndirməyə kömək edən qavrama qabiliyyətidir. Mühakimədən diqqətlə istifadə etməli və başqalarını həddindən artıq tənqid etməməliyik. Bu məqalədə açıq fikirli olmağın faydalarını və daha az mühakimə edə bilməyin bəzi yollarını sizinlə bölüşəcəyik.

Dr. Marcum daha açıq fikirli olan insanlarla mühakimə edənlər arasındakı bəzi fərqlilikləri bölüşüb.

Mühakimə edən insanlar:

•Həddindən artıq tənqid edirlər

•Bütün faktları bilmədən fərziyyələr irəli sürürlər 

•Hamı tərəfindən mühakimə edildiklərini düşünürlər

•Ətrafındakılara empatiyalı yanaşmırlar

•Özünü üstün hiss etmək üçün başqalarını alçaltmağa çalışırlar

•Həmişə narazıdırlar

Açıqfikirli insanlar:

•Anlayışlı olurlar

•Açıq fikirli olduqları üçün hər şeydə ən yaxşısını axtarmağa çalışırlar

•Ədalətli və dünyagörüşlü olurlar

•Başqalarına empatiya göstərirlər

•Özlərini heç kimlə müqayisə etmirlər

•Sağlam münasibətlər qururlar

Daha az mühakimə etməyin faydaları nələrdir?

Hadisələrə mühakimə etmədən baxmaq sizə öz bildiklərinizdən əlavə digər perspektivləri nəzərdən keçirməyə və insanların yaşadıqlarına dair məlumatlar əldə etməyə imkan verir. Bu, həm də sizdən fərqli ola biləcək insanlara qarşı empatiya və şəfqət hissini artırmağınıza kömək edə bilər.

Daha az mühakimə etmək dünyaya daha müsbər baxmağa imkan verir. Tədqiqatlar göstərir ki, pozitiv münasibətlər bizə daha xoşbəxt, sağlam həyat sürməyə kömək edir. Eyni zamanda, mühakimə olunduğunu hiss etmək başqalarını sizdən uzaqlaşdırır və onların sizə etibar etmələrini çətinləşdirir. Digər tərəfdən, mühakiməni bir kənara qoyub mərhəmətli və anlayışlı olmaq sağlam münasibətlər qurmağa kömək edir.

Bəs daha az mühakimə edən tərəf olmaq üçün nə etmək lazımdır?

•Fərziyyələrinizə diqqətlə yanaşın

Əgər kiməsə mənfi hisləriniz varsa, özünüzə sual verin. Fikrinizi nəyə əsasən formalaşdırırsınız? Əgər cavab tapa bilmirsinizsə, həmin düşüncələrdən uzaqlaşmağa çalışın.

•Qərəzlərinizdən xəbərdar olun

Öz qərəzlərinizi bir daha gözdən keçirin. Həyata baxışınızın öz təcrübələrinizlə məhdud olduğunu qəbul edin. Yadda saxlamaq lazımdır ki, fərqli mədəni, sosial, dini və ya etnik mənsubiyyətə malik digər insanlar eyni fikirləri bölüşməyə bilər. Özünüzü onların yerinə qoymağa və hadisələri onların gözündən görməyə çalışın.

•Empatiyalı olun

İnsanlar sizdən fərqli düşüncədə olsalar, davransalar, hətta fərqli geyinsələr belə onlara qarşı empatiyalı olmağa səy göstərin.

Pozitiv olmağa çalışın

Siz, həmçinin hər gecə bir neçə dəqiqənizi ayırıb həmin gün baş verən yaxşı şeyləri sadalaya və minnətdar ola bilərsiniz. 

Düşüncə tərzinizi daha müsbət yöndə inkişaf etdirə bilərsiniz. Özünüzü kimisə mühakimə etdiyiniz vəziyyətdə görsəniz, elə həmin anda bu fikirləri müsbətə dəyişməyə çalışın. Beləliklə, daha az mühakimə etməyə başladığınızın fərqində olacaqsınız.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et