Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən internetin nə vaxt icad edildiyi və necə inkişaf etdirildiyi maraq doğuran mövzular sırasındadır. Texnoloji tərəqqi ilə dünyanın ən böyük informasiya şəbəkəsinə çevrilən internetin yaranması uzun bir prosesin məhsulu olub.

İnternetin yaranması və inkişafı
İnternetin ixtirası iki mərhələli prosesin nəticəsidir. 1950-ci illərdə kompüter texnologiyasının inkişafı ilə məlumat mübadiləsinə ehtiyac artıb və ilk şəbəkə sistemləri hazırlanmağa başlayıb. Xüsusilə Soyuq Müharibə dövründə ABŞ Müdafiə Nazirliyi tərəfindən dəstəklənən ARPANET layihəsi müasir internetin əsasını qoyub. 1960-1970-ci illərdə inkişaf etdirilən bu sistem müxtəlif kompüterləri birləşdirərək ilk şəbəkə strukturunu yaradıb.
İnternetin ixtiraçıları kimlərdir?
İnternetin inkişafında bir çox alim və mühəndislərin rolu olub. Bunların ən əhəmiyyətli iki adı Amerikalı kompüter mühəndisi Vinton Cerf və İngilis kompüter alimi Tim Berners-Lidir. Vinton Cerf internetin əsas protokollarından biri olan TCP/IP protokolunu inkişaf etdirərək şəbəkə strukturunun əsasını qoyub. Tim Berners-Li 1989-cu ildə Ümumdünya Şəbəkə (WWW) sistemini qurub və bununla da bu gün bildiyimiz interneti formalaşdırıb.
İnternet nə vaxt istifadə olunmağa başlayıb?
İnternetdən müasir mənada istifadə 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində geniş vüsət almağa başlayıb. 1991-ci ildə Tim Berners-Li tərəfindən hazırlanmış Ümumdünya Şəbəkə (WWW) texnologiyası ilə internetin kommersiya və fərdi istifadəsi sürətlənib.İnternetin yarandığı ilk dövrlərdə yalnız akademik qurumlar və hərbi hissələr tərəfindən istifadə edilən bu texnologiya sürətlə dünyaya yayılaraq hər kəs üçün əlçatan olub.
İnternetin ixtirası uzun bir inkişaf prosesinin məhsulu olub və zaman keçdikcə bütün dünyada geniş yayılıb və həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəlcə hərbi və akademik məqsədlər üçün istifadə edilən internet indi təhsildən ticarətə, ünsiyyətdən əyləncəyə qədər bir çox sahədə səmərəli istifadə olunur. Texnoloji inkişaflarla internetin gələcəkdə müxtəlif sahələrdə daha çox yeniliklərə yol açacağı gözlənilir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
