Qlobal maliyyə bazarlarında baş verən son tənəzzül, xüsusilə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflər fonunda, Avropa lüks mallar sənayesinin gələcək perspektivlərini zəiflədib. Analitiklər qeyd edirlər ki, bu addımlar həm iqtisadi qeyri-müəyyənlik yaradıb, həm də istehlakçı inamını zəiflətdiyi üçün satışlara mənfi təsir göstərib.
Bernstein şirkətinin analitiki Luka Solka bildirib ki, yeni iqtisadi şəraitdə 2025-ci il üzrə qlobal lüks mallar satışlarının artım proqnozu 5 faizdən 2 faizlik azalmaya düzəldilib. Bu dəyişiklik əsasən ABŞ və Çin arasında ticarət münaqişəsinin alovlanması və bu fonda tətbiq olunan tariflərlə əlaqələndirilir.
LVMH Kering Hermès və Richemont kimi Avropa lüks markalarının səhmləri ciddi dəyər itkisinə məruz qalıb. Xüsusilə Kering-in səhmləri ilin əvvəlindən bəri 31 faiz ucuzlaşıb. Bu daha çox yenidənqurma mərhələsində olan Gucci brendinə mənfi təsir edib.
ABŞ-də 2025-ci ilin birinci rübündə lüks mallara olan istehlak xərcləri 5 faiz azalıb. Analitiklər bu azalmaya lüks yorğunluğu və yüksək gəlirli istehlakçılar arasında artan ehtiyatlılığı səbəb göstərirlər. Brendlər bu durumu kompensasiya etmək üçün ABŞ-də məhsul qiymətlərini 6 faiz artırmağı planlaşdırırlar. Lakin bu strategiya risklidir və istehlakçı tələbatını daha da zəiflədə bilər.
2025-ci ilin birinci rübü üzrə lüks sektorunun ümumi artımı cəmi 0.5 faiz səviyyəsində proqnozlaşdırılır. Bu sektorda böyümə tempinin ciddi şəkildə zəiflədiyini göstərir.
Ola bilsin ki, LVMH-nin baş direktoru Bernard Arno ABŞ prezidenti Donald Trampla şəxsi əlaqələrindən istifadə edərək sektoru tariflərin təsirindən qorumağa çalışsın.
Mənbə: reuters
Tərcümə etdi: Səidə Abasova