ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan mallara yeni tariflər tətbiq etdiyini açıqlayıb. Bu qərar qlobal maliyyə bazarlarında ciddi çaxnaşma yaradıb və bir sıra ölkələrin iqtisadi göstəricilərinə mənfi təsir göstərib.
Yaponiyada Nikkei 225 indeksi 7,8% azalaraq 31,136.58 səviyyəsinə düşüb. Avropa bazarları da bu qərardan təsirlənib. Almaniyanın DAX indeksi 4,8%, Fransanın CAC 40 indeksi 5,1%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 4,9% dəyər itirib.
Tramp administrasiyası bildirib ki, əgər digər ölkələr ABŞ-la ticarət balansını düzəltməsə, bu tariflər davam etdiriləcək. Tramp öz açıqlamasında, bu tariflərin ölkənin iqtisadi maraqları üçün vacib olduğunu qeyd edib və geri addım atmayacağını vurğulayıb.
Bu mövqe investorlar arasında narahatlıq yaradıb və bazarlarda qeyri-müəyyənlik mühiti formalaşdırıb. Çin isə ABŞ-ın bu qərarına sərt reaksiya verib. Rəsmi Pekin bu addımı “zorakılıq” adlandırıb və cavab tədbirləri görəcəyini bəyan edib.
Analitiklər xəbərdarlıq ediblər ki, bu qarşılıqlı tarif siyasəti ticarət müharibəsini daha da dərinləşdirə bilər və qlobal iqtisadiyyata mənfi təsirlər göstərə bilər.
Mənbə: AP news
Tərcümə etdi: Səidə Abasova