Bu gün:

Üç gəmi qəzasından sağ çıxan əfsanəvi pişik: Oscar


Müharibə dövründə dənizlərdə baş verən hadisələr adətən faciələrlə dolu olur. Lakin bəzən bu cür hadisələr arasında  maraqlı hekayələr də rast gəlinir. “Batmayan Sem” (Unsinkable Sam) ləqəbli pişiyin üç ayrı gəmi qəzasından sağ çıxması da məhz belə əfsanəvi hekayələrdən biridir. Onu tanıyanlar onun sanki “doqquz cana” sahib olduğuna inanırdı. Hər dəfə gəmi batandan sonra başqa bir gəmidə peyda olması, bu pişiyi əfsanəyə çevirib. Bəs bu hadisə həqiqətən baş veribmi, yoxsa dənizçilərin uydurduğu bir ümid əfsanəsidirmi?

Hekayənin başlanğıcı nasist Almaniyasının ən güclü hərbi gəmilərindən biri ilə əlaqəlidir. 1939-cu ildə Alman Hərbi Dəniz Qüvvələrinə məxsus “Bismark” adlı döyüş gəmisi suya buraxıldı. Əfsanəyə görə, həmin gəmidə qara-ağ rəngli bir pişik də var idi – adı isə Oscar idi. 1941-ci ilə gəldikdə, Bismark Atlantik okeanının şimalına doğru hərəkət edərək İngiltərə donanması ilə toqquşub. Üç gün davam edən şiddətli döyüşdən sonra 2.200 nəfərlik ekipajdan yalnız 114 nəfər sağ qalıb.

Möcüzəvi şəkildə sağ qalanlar arasında Oscar da var idi. Böyük Britaniya donanmasına məxsus “HMS Cossack” adlı döyüş gəmisi xilas olanları topladığı zaman bir taxta parçası üzərində üzüb gələn bu pişiyi görərək gəminin göyərtəsinə aldıb və ona “Oscar” adını verib. Bəziləri onun alman mənşəli olduğunu əsas gətirərək “Oskar” deyə də çağırırdı.

Oscar artıq “HMS Cossack” gəmisinin maskotuna çevrilib. Lakin heç bir neçə ay keçməyib ki, həmin gəmi də Alman torpedi hücumu nəticəsində batırıldı. Oscar bir daha təsadüfən xilas edilib. Bu dəfə o Britaniyanın aviasiya gəmisinə – “HMS Ark Royal”a aparılıb.

Təxmin etmək çətin deyil ki, “Ark Royal” da çox keçmədən hücuma məruz qalıb. 1941-ci il noyabrın 14-də bu gəmi də sulara qərq olub. Lakin Oscar bir daha heç bir xəsarət almadan sağ qurtulub. Onun ardıcıl üç gəmi batmasından xilas olması “Batmayan Sem” ləqəbini qazanmasına səbəb oldu.

"Royal Museums Greenwich"in məlumatına görə, Oscar üçüncü qəzanın ardından quruya çıxarıldı. Əvvəlcə Cəbəllütariq qubernatorunun ofisinə yerləşdirildi, daha sonra isə Belfast şəhərində yaşayan bir dənizçi tərəfindən sahiblənildi. Oscar 1955-ci ildə orada dünyasını dəyişib.

Lakin bu hekayə ilə bağlı suallar da az deyil. Məsələn, Bismark gəmisindən xilas olanlar arasında rəsmi qeydlərdə heç bir pişiyin adına rast gəlinmir. Bundan əlavə, “Batmayan Sem”ə aid olduğu iddia edilən şəkillər və rəsmlər də dəqiq sübut sayılmır. Həmin görüntülərin bəziləri digər məşhur gəmi pişiklərinə aid ola bilər.

Bəzi tədqiqatçılara görə, Sam əslində gəmidə gizlicə yaşayan bir pişik ola bilərdi. Bu səbəbdən də "qeydiyyata düşməyib"

Qeyd edək ki, pişiklərin gəmilərdə saxlanılması çox qədim ənənəyə əsaslanır. Əvvəlcə siçanlara qarşı mübarizə məqsədilə gətilən bu heyvanlar zamanla ekipajın mənəvi dayaq nöqtəsinə çevrilib. “Mrs. Chippy”, “Convoy” və “Blackie” kimi başqa məşhur gəmi pişiklərinə də tarixən rast gəlinir. Bəzi hallarda bu pişiklər hətta İngiltərənin Baş naziri Uinston Çörçill kimi məşhur şəxslərlə birlikdə eyni kadra da düşüblər.

Pişiklərlə yanaşı, itlər, göyərçinlər, toyuqlar və hətta meymunlar da hərbçilərlə birlikdə döyüş sahələrində olublar. Onların bəziləri xəbərləri çatdırmaq və ya təhlükə barədə xəbərdarlıq etmək kimi funksiyalar yerinə yetirsələr də, əksəriyyətinin əsas vəzifəsi sadəcə orada olmaqla əsgərlərə mənəvi dəstək vermək olub.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et