Bu gün:

Blanche Hoschede-Monet


Blanche Hoschede-Monet (1865–1947) məşhur impressionist rəssam Claude Monetin ögey qızı və sonradan gəlini olub. O, Monet ilə birlikdə eyni səhnələri çəkib, onunla çiyin-çiyinə çalışaraq öz rəssamlıq bacarığını inkişaf etdirib. Buna baxmayaraq, uzun müddət onun adı sənət tarixində unudulub.

Hazırda Indiana ştatındakı Sidney və Lois Eskenazi İncəsənət Muzeyində keçirilən sərgi – “Blanche Hoschede-Monet in the Light” – onun 40 əsərini eskizlərini və şəxsi materiallarını nümayiş etdirərək sənətdəki yerini yenidən önə çıxarır.

Blanche Monet ilə tanış olduğu uşaq yaşlarından etibarən onun yanında rəssamlıq öyrənib, tezliklə sərgilərdə iştirak etməyə başlayıb və əsərləri satılıb. O, Monetin rəssamlıq səfərlərində ona kömək edib, onunla eyni təbiət mənzərələrini çəkib. Onun fırça vuruşları Monet’inkindən daha sərt və konkret olub – Blanche daha çox gördüyünü kətana köçürməyə çalışıb, Monet isə hisslərini.

Onun əsərləri nadir hallarda ictimai kolleksiyalarda yer alıb, lakin indi tədricən dəyəri tanınmağa başlanıb. Fransa və ABŞ-da az sayda əsəri muzeylərdə nümayiş olunur. Parisdəki Musee d’Orsay muzeyində cəmi iki əsəri var, onlar da hazırda sərgilənmir.

Blanche 1897-ci ildə Monetin oğlu Jean ilə evlənsə də, onun xəstələnməsindən sonra uzun illər rəssamlıqdan uzaq qalıb. Jean öldükdən sonra Giverny-ə qayıdıb və Monetin son illərində ona dəstək olub. Monetin su zanbaqları ilə bağlı möhtəşəm əsərləri yaratmasında Blanchein varlığı mühüm rol oynayıb.

Monetin ölümündən sonra evinə və bağlarına qulluq etməyə davam edib və yenidən rəssamlığa qayıdıb. 1927-ci ildə Parisdə ilk solo sərgisini keçirib və sənət tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Blanche Hoschede-Monet həm istedadlı rəssam, həm də Claude Monet’in sənətini və irsini qoruyan sadiq bir şəxs kimi tarixdə yer almalıdır.

Mənbə: BBC News

Tərcümə etdi: Muştaqova Nigar

Paylaş
Şərh əlavə et