Bu gün:

Uşaqların inkişafında oyunların təsiri


Fiziki inkişafa təsirləri

Aktiv oyunlar zamanı uşağın müxtəlif əzələləri daralma və uzanma ilə işləyir. Ürək döyüntüsü, qan dövranı və tənəffüs normadan yüksək olur. Artan və dərinləşən tənəffüs sayəsində havadan qana bol oksigen keçir. Bundan əlavə, qan dövranı normaldan daha sürətli olur və bu da öz növbəsində toxumalara daha çox qida daşımağa kömək edir.

Oyun zamanı bəzi təkrarlarla əzələlər həmin hərəkəti əzbərləyiblər. Nümunə olaraq götürsək, uşaq bir əli ilə topu divara atıb-tutur. Nəticədə, uşaq çoxlu məşq ilə bunun ən yaxşısını edəcəkdir. 

Balans oyunları, toplarla işləmək və buna bənzər oyunlar uşağı xarici mühitə yad olmaqdan xilas edir. Qarşısına çıxacaq maneəni asanlıqla dəf etmək imkanı verir. Eyni zamanda, öz gücünü yerində və vaxtında istifadə etmək imkanı verir.

Psixomotor inkişafa təsirləri

Bəzi uşaqlar ən asan hərəkətləri və oyunları edə bilməyəcəklərini düşünərək qorxur və utanır, iradələrindən düzgün istifadə edə bilmirlər. Uşağın əzələ və sinirlərində heç bir pozğunluq yoxdur, gəzinti və qaçış normaldır, ancaq heç vaxt görmədiyi, sınamadığı oyunda çətinlik çəkir. Bu istiqamətdə psixomotor inkişafda təsirli olacaq bir sıra oyunlar var. Məsələn, gəzinti və qaçış uşaqlar üçün asan fəaliyyətdir. Ancaq bütün uşaqlar geriyə doğru getməyə cəsarət etmirlər. Əgər uşağın iradəsi oyun vasitəsilə güclənərsə, qorxu öz-özünə yox olar. Oyunun verdiyi sevinc, qələbə, uğur kimi müsbət emosiyalar uşağın iradəsini artıracaq, iradəsini gücləndirəcək.

Emosional inkişafa təsirləri

Uşaq canlı və aktiv varlıqdır. Onun da daxili aləmi var. Məqsəd uşağın daxili aləminə daxil olmaq, onun hisslərini tanımaq və onu müsbət davranış və emosiyalara yönəltməkdir. Bunun üçün öyrədici oyunlar çox təsirlidir. Uşağın vəzifə hissini oyatmaq, məsuliyyət hissi qazandırmaq, sosial bacarıqlar, anlayışlar, duyğular və bir çox şeyləri oyun vasitəsilə etmək ən təsirli üsuldur.

Sosial inkişafa təsirləri

3-6 yaşlı uşaqların şüuru, öz mühakimələri hələ yetişməyib. Bu səbəbdən cəmiyyətin qaydalarını nəsihət verəcək şəkildə izah etmək uyğun olmaya bilər. Cəmiyyətin qaydalarını uşağın mənimsəməsində oyun çox effektivdir. Məsələn, ev oyunu buna yaxşı bir nümunədir. Bu oyunda uşaqlar arasında rollar bölüşdürülür, hər kəs öz roluna (ana, ata, uşaq və s.) uyğun hərəkət edir. Beləliklə, uşaqlar valideynlərini təqlid edərək oyunda yaşayaraq kiçik sosial həyata daxil olur və qarşılıqlı münasibətlərin nə olduğunu öyrənirlər.

Ağıl və dil inkişafına təsirləri

Uşağın zehni və dil inkişafına müsbət təsir edən, təfəkkür və təxəyyülünü artıran oyunlar tətbiq edilməli və oynanılmalıdır. Gördüklərini tanımaq, yaddaşında saxlamaq, gördüyü şəkilləri danışmaq, oxuduğu kiçik hekayələri dinləmək və sadə suallara cavab vermək, izlədiyi cizgi filmlərini danışmaq, saymaq, rəngləri tanımaq, əşyaların köməyi ilə anlayışları öyrənmək kimi bacarıqlar inkişaf etdirildikdə uşağın öyrənməsi də asanlaşır. Bundan əlavə, uşağın gündəlik həyatından epizodları söyləmək və söylətdirmək, onları dramatikləşdirmək kimi oyunlar uşağın ana dilinin inkişafına kömək edir

Mənbə: Adnan Çoban Klinik

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et