Bakıda türkiyəli yazıçı Saba Deniz Uzunun iştirakı ilə "Ruhundakı Qadının Səsi Ol" adlı təlim-seminar keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri, təlimçi və ailə psixoloqu Nabat Mirzəyeva seminarın əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu, qadınların daxili gücünü dərk etməklərinə, arzularını daha asanlıqla həyata keçirməklərinə dəstək məqsədilə təşkil olunub. İstər qadın, istər kişi olaraq hər birimiz hekayədən ibarətik və bu hekayələrin baş qəhrəmanı özümüzük deyən N.Mirzəyev, xüsusilə, qeyd edib ki, daxilimizdəki ruhu nə qədər dinləsək də, unutmamalıyıq ki, onu dinləməkdən çox ona şəfa olmalıyıq.
Sonra türkiyəli tanınmış təlimçi və yazar Saba Deniz Uzun çıxış edib. O, qadın ruhunun incəliklərinə toxunub, ruhun önəmindən bəhs edib. "Ruhundakı qadının səsi ol, onu dinlə" mesajı ilə hər bir qadının öz daxili səsini eşitməsinin vacibliyini vurğulayıb.
Daha sonra türkiyəli kouç və danışman Asil Moray, həmçinin ICF kouçu və təlimçi Əsmər Ramizqızı çıxış edib. Sonda seminarın təşkilinə dəstək olanlara sertifikatlar təqdim edib.
Aytac Musayeva
