24Media.az-ın növbəti müsahibi Salyan sakini, 25 illik televiziya təcrübəsinə malik, hazırda İctimai TV-nin bölgə müxbiri kimi çalışan jurnalist Təyyar Nəsirlidir. O, bölgələrdə məlumat toplamaq və mənbələrlə işləməyin çətinlikləri haqqında danışıb.

Təyyar Nəsirli deyir ki, Bakıda müxbir olmaq bölgələrə nisbətən rahatdır.
“Paytaxtda çalışan müxbirlərin hərtərəfli təchiz olunmuş maddi-texniki bazaları və nəqliyyat vasitələri var. Bu, bölgə müxbirlərində isə demək olar ki, yoxdur. Əksər bölgə müxbirləri üçün nəqliyyat vasitələri mövcud deyil”.
Müsahibimiz vurğulayır ki, bəzi əməkdaşların şəxsi nəqliyyat vasitələri olsa da, onlar bir neçə il sürüldükdən sonra sıradan çıxır və istifadəyə yararsız hala gəlir.
“Əgər hər hansısa rayonda bir hadisə baş verirsə, özünü ora çatdırmalısan, bu isə qeyri-mümkün olur. Jurnalistlər həmin rayonda olan həmkarları ilə əlaqə saxlamağa və onlardan hadisəni çəkib bölüşmələrini istəməyə məcbur olurlar”.
Bölgə müxbirinin sözlərinə görə, çəkilişlər zamanı qarşılaşdıqları ən böyük çətinlik informasiyanı toplamaqdır.
“Bəzən elə olur ki, qurumlar tərəfindən bizə informasiya verilmir. Hər bir vətəndaş da müsahibə vermir. Onlardan müsahibəni almaq da, hər hansısa bir informasiyanı toplamaq da olduqca çətindir”, -deyə o, əlavə edib.
Günel Məmmədova
