
Erkən uşaqlıq dövrünün uşağın sonrakı yaşlarına təsirini nəzərə alsaq, uşağın nevroloji, bioloji və psixososial inkişafında böyük rol oynayır. Erkən uşaqlıq dövründə 0-6 yaş (0-72 ay) uşağın inkişafı sürətli olur və çox şey öyrənməyə hazır olur. Bu dövr uşağın gələcək həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Araşdırmalar göstərir ki, fərdin şəxsiyyət quruluşu, xüsusiyyətləri və vərdişləri uşaqlıqda qazanılan davranış və təcrübələrlə formalaşır.
Nevroloji inkişaf
Erkən uşaqlıq dövrü böyümə və inkişafın (sosial, fiziki, emosional, zehni) ən sürətli olduğu dövrdür. Bu dövrdə uşaqlar inkişafa və dəyişikliklərə açıq olurlar. Xüsusilə, beyin inkişafının əhəmiyyətli bir hissəsi 0-4 yaş arasında tamamlanır.
Neyronlar arasında birləşmə nöqtələri olan "sinapsların" formalaşması da erkən yaşlarda sürətli gedir. Sinapsların əmələ gəlməsində uşaqların yaşadıqları və onu əhatə edən qıcıqlandırıcılar mühüm əhəmiyyət kəsb etdiyinə görə uşağın inkişafı üçün bu dövrdə müxtəlif stimullarla qarşılaşması və yaxşı təhsil alması vacibdir. Nevroloji inkişafın ən mühüm dəstəkçiləri toxunma və təmasdır. Toxunulmamış böyüyən uşaqların nevroloji inkişafı yavaşlaya və ya hətta dayana bilər. Ona görə də bu dövrə təsadüf edən qarşılıqlı əlaqə və bu qarşılıqlı əlaqənin keyfiyyəti böyük əhəmiyyət kəsb edir.
Sosial inkişaf
Erkən yaşlar uşağın ətraf mühitdən ən çox təsirləndiyi yaşlardır. Uşağın yaxın ətrafı (valideynləri) və ətraf mühitlə qarşılıqlı əlaqəsi də inkişaf prosesinə mühüm təsir göstərir. Bu dövrdə uşaqlar valideynlərindən, dostlarından və ətraflarından bir çox bacarıqlar öyrənirlər. Bu dövrdə uşaqlar ətrafdakı insanları təqlid edirlər. Təcrübələrini oyunlarda təkrarlayaraq anlamağa və mənimsəməyə çalışırlar. Bu dönəmdə qaralama, rəsm və oyunlar uşağı anlamaq üçün yeganə ünsiyyət vasitələridir. Emosiyaların dərk edilməsi və idarə olunmasının əsasları da bu dövrdə qoyulur. Anaya və ya baxıcıya arxalanaraq uşağın emosiyalarını ayırd etmək və emosialarını idarə etməkdə kömək etmək ömür boyu davam edən qabiliyyətin inkişafına gətirib çıxarır.
Mənbə: Adnan Çoban Klinik
Tərcümə etdi: Aydan Qasımova
