Kwita Izina – bu, Ruandada hər il keçirilən və yeni doğulan dağ qorillalarına ad qoyulan böyük bir bayramdır. Bu mərasim həm də qorilla qorunmasının nə qədər uğurlu olduğunu dünyaya göstərir.
Təsəvvür et ki, günəşli bir meşədə böyük, tüklü bir silverback qorilla yavaş-yavaş ağacdan enir, bir dişi qorilla isə onu səliqəyə salır. İki yeniyetmə qorilla bir-biri ilə oynayır, analarının qucağında isə körpə qorilla maraqla ətrafa baxır. Bu mənzərə bu günlərdə real olsa da, bir vaxtlar qorillalar yox olmaq təhlükəsi ilə üz-üzə idi.
1960-70-ci illərdə ovçular qorilla sayını ciddi azaldıb. 1994-cü ildə isə Ruanada soyqırımı baş verib və qorillaların yaşadığı Volcanoes Milli Parkı döyüş meydanına çevrilib. Həmin dövrdə qorillaların sayı 300-dən az idi. Amma indi vəziyyət çox dəyişib. Qorillalar təkcə sağ qalmayıb, həm də artmağa başlayıblar. 2010-dan bu yana qorilla sayı ildə təxminən 3% artıb. Onlar artıq “tənəzzüldə olan” yox, “təhlükədə olan” növ kimi qeyd olunurlar. Bu uğur Ruandanın qoruma tədbirlərinə görədir – ovçuluğa qarşı patrullar, yerli icmalarla əməkdaşlıq və tənzimlənən turizm sayəsində.
2005-dən bəri 395 körpə qorilla doğulub. Hər il onların doğulması xüsusi qeyd olunur – Kwita Izina adlı mərasimdə. Bu ad qoyma ənənəsi əsrlərdir Ruanda ailələri tərəfindən yeni doğulan uşaqlara ad verərkən keçirilir. İndi isə bu adət qorillalar üçün də tətbiq olunur. Hər körpəyə doğulduğu şəraitə və ya xasiyyətinə görə bir ad verilir. Məsələn, aktyor Idris Elba ötən il bir körpə qorillaya “Narame” – yəni “uzun ömür” adını verib.
Bu tədbir payızda, Volcanoes Milli Parkında keçirilir. Qonaqlar, yerli icmalar, məşhurlar və turistlər toplaşır, musiqi, rəqs və ənənəvi təqdimatlar olur. Hər şey böyük bambukdan hazırlanmış qorilla heykəli ətrafında baş tutur. Bu mərasim təkcə qorillalar üçün deyil, həm də onları qoruyan insanlara təşəkkür etmək üçündür. Ruanda Turizm Şurasının nümayəndəsi deyir ki, bu bayram əvvəlcə yerli camaata təşəkkür etməyi hədəfləyir, çünki qorillaların qorunmasında onların rolu böyükdür. Ruanda kiçik ölkə olsa da, əhali sıxlığı çox yüksəkdir. Bu səbəblə insanlar qorillaların yaşadığı ərazilərdə yaşayır. Onların qorumağa həvəsli olması üçün isə konkret fayda görmələri vacibdir. Qorilla turizmindən əldə olunan gəlirin 10%-i bu ərazilərdə yaşayan camaata verilir – məktəblər, evlər, su və səhiyyə layihələri ilə həyatları yaxşılaşdırılır. 2023-cü ildə 1.4 milyon turist Ruandaya səfər edib və 620 milyon ABŞ dolları gəlir əldə olunub. Qorilla görmək üçün icazə 1500 dollardır, amma bu pullar qoruma tədbirləri üçün istifadə olunur və yerli camaata da fayda verir. Red Rocks Rwanda adlı təşəbbüs də bu uğurlu layihələrdən biridir. Burada turistlər safari çadırlarında qalır, qorillalara baxmağa gedir və yerli sənətlə tanış olurlar. Burada eyni zamanda Red Rocks Cultural Festival keçirilir – musiqi, şeir, sənət və konservasiya mövzularını birləşdirən tədbirdir. Kinigi kəndindəki Gorilla Guardians Village isə əvvəllər ovçu olan insanların hekayələrini danışdığı, turistlərə isə rəqs, yemək bişirmək və sənətkarlıq kimi fəaliyyətlər təqdim olunan məkandır. Sabyinyo Silverback Lodge adlı otel isə ilk icma-əlaqəli lüks oteldir. Buradan əldə olunan gəlir yerli icmanın inkişafına sərf olunur. Ruandada Dian Fossey Gorilla Fund tərəfindən yaradılan Ellen DeGeneres Campusu da var. Bu, həm tədqiqat, həm də təhsil mərkəzidir. Burada ziyarətçilər öz xarakterlərinə uyğun qorilla ilə tanış ola, Fossey’in qeydlərinə baxa və gözəl təbiətdə vaxt keçirə bilərlər. Hazırda qorillaların sayı artdığı üçün parkın ərazisi böyüdülür. Yeni Qoruma Planı hazırlanır və insanlara yeni yaşayış yerləri, daha yaxşı şərait təqdim olunur.
Kwita Izina artıq təkcə qorilla adlandırma mərasimi deyil – bu, bir millətin təbiəti qoruma uğrunda birləşməsinin simvoludur. Bütün dünya üçün bir nümunədir.
Mənbə: BBC news
Tərcümə etdi: Nigar Muştaqova
