Bu gün:

"Ailə içi müdaxilələr sosial münasibətləri gərginləşdirə bilər"


24Media.az-ın budəfəki müsahibi sosioloq Mətanət Məmmədovadır. O, nənə və babaların ailə münasibətlərinə müdaxilə etmələri səbəbindən yaranan sosial və mədəni faktorlardan, onların müdaxilələrinin ailə strukturlarına və əlaqələrinə necə təsir edə biləcəyindən danışıb. 

- Nənə və babaların gənc ailələrin həyatına müdaxiləsinin sosial və mədəni təsirləri barədə nə düşünürsünüz?

Elə gənc ailələr var ki, Qədim Azərbaycan ailə modelinə uyğun olaraq oğlan ata-anası ilə birlikdə yaşayır. Lakin buna baxmayaraq onların hər biri ayrı-ayrılıqda bir ailədir və yaranan hər hansı problemi öz aralarında həll etsələr, daha yaxşı olar. Ümumiyyətlə, ailədə olan söz-söhbət iki nəfər səviyyəsindən çıxırsa, genişlənə və yeni problemlərə yol aça bilər.  Məsələn, ər-arvad arasında olan kiçik bir münaqişə zamanı qayınata-qayınana qarışırsa, tərəflər bir qədər də aqressivləşirlər. Bəzi hallarda böyüklərin məsləhəti, əlbəttə, gərəkdir, lakin bu münaqişə zamanı deyil, sakitlik yaranandan sonra deyilməlidir. Çünki insan əsəbi olan vaxt deyilən hər sözü aqressiv qarşılayır. Bu isə zaman-zaman aradakı hörmətə xələl gətirir.

Söz yox ki, ata-analar öz övladlarına hər zaman məsləhət verməli, onları bilmədikləri məsələlər barədə məlumatlandırmalı, yol göstərməlidirlər. Biz bunun müsbət tərəflərinin şahidi olmuşuq, lakin hər şey yerində və çərçivəsində olmalıdır. Xüsusilə belə ailələrdə uşaq tərbiyəsində nənə-babalar diqqətli olmalıdır. Dəfələrlə təsadüf etmişik ki, ata-ana səhv hərəkəti üçün uşağı tənbeh edir, lakin nənə-baba onu müdafiəyə qalxır. Belə halda isə uşaqda ərköyünlük yaranır və valideynlərinə qarşı saymazlıq müşahidə olunur. Onlar sanki öz müdafiəçisinə arxalanırlar, bu da tərbiyədə böyük qüsurdur.

Elə nənə-babalar var ki, uşağa söyüş öyrədirlər. Hətta evə qonaq gələndə belə uşağı həmin söyüşlərdən istifadə etməyə, qarşılığında isə pul və hədiyyə verməyə şirnikləndirirlər. Valideyn isə bunun səhv olduğunu, bu kimi halların gələcəkdə bağçada, məktəbdə, şəxsi həyatında övladına problem yaradacağını bildirir və bildirdiyi üçün də pis adama çevrilir. Tək birgə yox, bu cür hallar ayrı yaşayan ailələrdə də olur. Xüsusilə bəzi qayınanalar geyimdən tutmuş makyaja, evə alınan əşyadan tutmuş uşağa alınan paltara qədər onun fikirləri ilə hərəkət edilməsini arzulayırlar. Bu da təbii ki, normal qarşılanmır.

Düşünürəm ki, validenylər istər qayınata-qayınana, istərsə də nənə-baba olaraq öz övladlarının ailəsinə, nəvələrinə qarşı həssaslıqla yanaşmalı, onları qərar verməkdə, uşaq tərbiyəsində sərbəst buraxmalıdırlar. Bu zaman nəticə daha ürəkaçan olur.


Çinarə Tarverdiyeva 

Paylaş
Şərh əlavə et