Bu gün:

Sam Altmanın süni intellektlə yaradılmış kriket forması fotosu hindistanlıları danışdırdı


Hindistan kriketə dəlidir və görünür, ChatGPT də bu həqiqəti yaxşı bilir. Onun yaradıcısı Sem Altman ChatGPT-yə “Altmanı anime tərzində kriketçi kimi təsvir et” deyə sorğu verib və nəticədə Hindistan milli komandasının mavi formasında bir şəkil yaradılıb. Altman bu avatarı X-də paylaşdıqdan sonra Hindistan sosial mediasında böyük marağa səbəb olub.

Bəzi hindistanlılar Altmanın Hindistan formasında görünməsindən sevinsə də, digərləri bunu strateji addım kimi qiymətləndirib. Onlar hesab edirlər ki, Altman Hindistan bazarını qazanmaq üçün məqsədli şəkildə bu cür paylaşımlar edir.

Altman paylaşımından bir qədər əvvəl Hindistanın süni intellekt sahəsində sürətli inkişafını tərifləyib, ölkənin bu sahədə dünyanı qabaqladığını yazıb. Bu paylaşım da ölkədə geniş müzakirələrə səbəb olub.

2023-cü ildə Hindistana səfəri zamanı Altman yerli startapların OpenAI ilə rəqabət aparmasının "ümidsiz" olduğunu demişdi. Amma bu il fevral ayında hökumət rəsmiləri ilə görüşərək Hindistanla əməkdaşlıq etməyə açıq olduğunu bildirib. O, həmçinin Hindistanın OpenAI üçün ABŞ-dan sonra ikinci ən böyük bazar olduğunu deyib – istifadəçi sayı bir il ərzində üç dəfə artıb.

Bütün bu təriflər OpenAI-nin Hindistanın böyük media şirkətləri ilə müəllif hüquqları üstündə hüquqi mübarizə apardığı bir dövrdə baş verir. Ekspertlər isə Altmanın Hindistana olan “məftunluğunu” sırf kommersiya maraqları ilə əlaqələndirirlər.

Hindistan süni intellekt bazarı 2025-ci ilə qədər 8 milyard dollara çatacaq və illik 40%-dən çox artımla inkişaf edir. Bu səbəbdən yalnız Altman deyil, digər texnologiya liderləri də Hindistan bazarını cəlb etməyə çalışır. Nəticə isə budur: bu jestlər sevgi deyil – biznes strategiyasıdır.

Mənbə:BBC
Tərcümə etdi:Leila Musayeva 


Paylaş
Şərh əlavə et