Bu gün:

"Panik atak bir xəstəlik deyil..."


Panik atak – qəfil başlayan və güclü qorxu və ya narahatlıq hissi ilə müşayiət olunan bir psixoloji haldır. Bu vəziyyət müasir dövrün ən yayılmış psixoloji problemlərindən biri kimi qəbul olunur. Gözlənilmədən başlayan və həm psixoloji, həm də fiziki cəhətdən insanın gündəlik həyatına ciddi təsir edən panik atak, beyində neyrotransmitter balanssızlığı ilə yanaşı, simpatik sinir sisteminin həddindən artıq aktivləşməsi nəticəsində baş verir. Bu zaman bədən “döyüş və ya qaç” rejiminə keçir.

24Media.az-ın budəfəki müsahibi psixoloq Almara Ağaqızı panik atakın psixoloji və sosial təsirlərindən danışıb.

-Panik atak nədən yaranır?

Panik atakın yaranmasına müxtəlif səbəblər təsir göstərir. Tibbi araşdırmalar bu vəziyyətin bioloji, psixoloji və sosial faktorların birləşməsinin nəticəsi olduğunu göstərir:

1. Bioloji faktorlar:

Serotonin və GABA çatışmazlığı – Beyində sakitləşdirici təsirə malik bu maddələrin azalması panik atak riskini artırır.

Genetik meyillilik – Ailəsində bu problemi yaşamış şəxslərdə panik atak ehtimalı daha yüksəkdir.

Avtonom sinir sisteminin hiperaktivliyi – Ürək ritmi və tənəffüs kimi həyati funksiyaları tənzimləyən sistemin həddindən artıq işləməsi simptomların güclənməsinə səbəb olur.

2. Psixoloji və sosial faktorlar:

Uşaq yaşlarında yaşanan travmatik hadisələr gələcəkdə panik atak riskini artırır. Bundan başqa, uzunmüddətli emosional gərginlik qorxu reaksiyalarını gücləndirir.

Mükəmməliyyətçilik yüksək gözləntilər də panik ataka səbəb olan əsas amillərdəndir. Özünə qarşı sərt tələblər narahatlıq səviyyəsini artırır.

-Panik atakın qarşısını necə almaq olar?

Panik ataklarla mübarizədə həm psixoloji, həm də tibbi yanaşmalardan istifadə etmək tövsiyə olunur. Koqnitiv-davranış terapiyası (KDT) – Bu terapiya düşüncə tərzini dəyişərək panik simptomların idarəsinə kömək edir. Meditasiya, yoqa və nəfəs məşqləri stresin azaldılmasında təsirlidir. Təbii ki, stress azaldıqda, panik atak riski də azalmış olur.

Bundan əlavə, panik atakla mübarizədə tibbi üsullar da effektivdir. Antidepresanlar (SSRI və SNRI tipləri), Beta-blokatorlar, Benzodiazepin və bu kimi digər maddələrdən istifə olunur. Lakin bu maddələrin həkim məsləhəti olmadan qəbulu tövsiyə olunmur. 

-Panik atak anında hansı üsullardan istifadə etmək olar?

1. Nəfəsə diqqət yetirin – Diafraqmatik nəfəs texnikasından istifadə edin: 4 saniyə nəfəs alın, 7 saniyə saxlayın, 8-ci saniyədə nəfəsi buraxın.

2. Reallığa qayıdın – “5-4-3-2-1” texnikası ilə ətrafınızdakı 5 əşyanı görün, 4 şeyi toxunaraq hiss edin, 3 səsi dinləyin, 2 qoxunu tanıyın, 1 dadı hiss edin.

3. Özünüzə xatırladın ki, bu keçicidir – Panik atak təhlükəli deyil, sadəcə bədənin yanlış siqnal verməsidir və bir müddət sonra keçəcək.

Panik atak nəzarətdən çıxan bir düşmən deyil. Əgər zamanında müdaxilə olunsa və uyğun psixoloji yanaşmalar tətbiq edilsə, bu vəziyyəti idarə etmək və həyat keyfiyyətini yüksəltmək tamamilə mümkündür. Unutmayaq ki, panik atak bir xəstəlik deyil, sadəcə bədənin stressə verdiyi həddindən artıq reaksiyadır – və onun öhdəsindən gəlmək mümkündür.


Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et