Üç yaşlı uşağın qədim əsəri tapdığı Tel Azekah, təxminən 15 ildir qazıntıların davam etdiyi İsrailin Şefela bölgəsində mühüm arxeoloji sahə kimi tanınır.

İsraildə, Tel Azekah yaxınlığında ailəsi ilə gəzintiyə çıxan 3 yaşlı uşaq, cığırda təsadüfən 3800 illik qədim skarab amuleti tapıb. Ziv Nitzanın böyük bacısı, Ömər Nitzan videoda baş verənləri belə izah edib: “Ətrafında 7000 daş var idi, amma o, birini seçdi. Daşı təmizləyəndə üzərində fərqli bir şey gördük.” Ömər, “Ailəmə zəng edib bu gözəl daşı görmələrini istədim. Sonra anladıq ki, arxeoloji tapıntı kəşf etmişik!” dedi.
Zivin tapdığı Tel Azekah, İsrailin Şefela bölgəsindəki mühüm arxeoloji sahədir. Bu yer, həm də Şamuelin Birinci Kitabında Davudla Qolyat arasındakı döyüşün keçirildiyi yerdir. Ailə tapdıqları daşı dərhal İsrail Qədim Əsərlər İdarəsinə (IAA) bildirib və agentlik, balaca Zivin mühüm kəşf etdiyini təsdiqləyib.
Qədim talismanlar üzrə ekspert Dafna Ben-Tor, bu əşyanın Orta Tunc dövrünə aid peyin böcəyi olduğunu bildirib. Kənan peyin böcəkləri “qəbirlərdə, ictimai binalarda və şəxsi evlərdə” tapılır və bəzən dini inancları və ya statusu əks etdirən simvollar daşıyırdı. Ben-Tor qeyd edib ki, qədim Misirdə skarablar müqəddəs sayılırdı, çünki onlar yeni həyatı simvolizə edirdilər.
Arxeoloqlar, Tel Azekahda aparılan qazıntılarda qədim şəhər divarları və Yəhuda Krallığının kənd təsərrüfatı tikililəri də daxil olmaqla bir sıra artefaktlar tapıblar. Tel-Əviv Universitetinin qazıntı direktoru, professor Oded Lipschits bildirib: “Qazıntılar göstərir ki, orta və son tunc dövrlərində Tel Azekah, Yəhudeya düzənliyində ən mühüm şəhərlərdən biri olub.” Zivin tapdığı skarab amuleti, Kənan və Misir arasındakı əlaqələri göstərir. Lipschits, “Bu talisman dövrün mədəni təsirlərini və ticarət əlaqələrini ortaya qoyur,” deyib.
Balaca Ziv Nitzan, diqqətli müşahidəsi və nümunəvi davranışına görə İsrail Qədim Əsərlər İdarəsi tərəfindən “görkəmli vətəndaşlıq” sertifikatı ilə təltif edilib.
Mənbə: Euronews
Tərcümə etdi: Mina Yadigarlı
