24media.az-ın budəfəki müsahibi saatsaz Hacı Fətəliyevdir. O, saatçılıq sənətinin incəliklərindən, orijinal və saxta saatları ayırd etməyin yollarından, smart saatların ənənəvi saat sənətinə təsirindən, saatçılığın gələcək perspektivlərindən danışıb.
Sosial şəbəkələrdə görünən bahalı saatların bəziləri saxtadır. İnsanlar bu saatları necə ayırd edə bilərlər?

Saxta saatları hətta bəzi ustalar belə ayırd edə bilmir. Saat alarkən onun orijinallığına diqqət yetirmək lazımdır. Keyfiyyət əsasdır. Bundan əlavə, saatın çəkisi, mexanizmi, siferblatının incəlikləri və hətta səslənməsi belə saxta və orijinal saatı ayırd etməyə kömək edə bilər. Bəzi hallarda saxta saatlar orijinalını əvəz edən materiallarla hazırlanır və bu, onların düzgün qiymətləndirilməsini çətinləşdirir.
İnsanlar saat seçərkən daha çox nəyi nəzərə almalıdırlar? Brend önəmlidir, yoxsa saatın mexanizmi?
Çoxları sadəcə brendə üstünlük verir, amma saat alarkən onun mexanizmi daha vacibdir. Mexanizmi zəif olan bir saat nə qədər bahalı marka olsa da, uzunömürlü olmaya bilər. Ona görə də, insanlar, ilk növbədə, saatın mexanizminə, materialına və işləmə dəqiqliyinə baxmalıdırlar. Həmçinin saatın uzunömürlü olması və dəqiq işləməsi üçün yüksək keyfiyyətli mexanizm vacibdir.
Bir qol saatı insanın kim olduğunu deyə bilərmi?
Hansı insan olur-olsun, qol saatı onun xasiyyətini bəlli edir. Mən də insanın taxdığı saata baxaraq onun nəyə qadir olduğunu deyə bilərəm. Mənim üçün qol saatı, bir sənətkar olaraq, həyat deməkdir. Mən saatlarla dolanıram, onlarla yaşayıram. Saatsız həyat yoxdur. Həmçinin saat insanın zövqünü, dünyagörüşünü və bəzən sosial statusunu da əksetdirir. Qol saatı bəzən insanların dünyaya baxışını da simvolizə edir və onlara əlavə dəyər qatır.
Smart saatlar qol saatı sənətini öldürür, yoxsa yenidən doğur? Siz bu rəqabətə necə baxırsınız?
Smart saatlar hazırda dəbdədir. Yaşlı nəsil onlara o qədər də önəm vermir. Yaş artdıqca insanlar smart saatların ziyanlarını başa düşürlər. Həkimlərin dediyinə görə, smart saatlar insanlarda şəkər xəstəliyi yarada bilər. Gün ərzində insanın nəbzinin üzərində elektron cihazın olması bəzən riskli olur. Ancaq orijinal saatlara önəm verən insanlar da çoxdur. İndi müştərilər daha çox keçmişə qayıtmaq istədikləri üçün orijinal və retro qol saatlarına üstünlük verirlər. Həm maddi cəhətdən uyğunluğu, həm xatirə dəyəri, həm də görünüşü önəmlidir. Smart saatların yeni funksiyaları bəzən saatların orijinal dizaynına təsir edə bilər, amma ənənəvi saatların sənətkarlıq xüsusiyyətləri hələ də qiymətləndirilir.
İndiyə qədər təmir etdiyiniz ən qeyri-adi saat hansıdır?
İndiyə qədər təmir etdiyim ən qeyri-adi saat 1876-cı ilə aid cib saatı olub. Hətta 196.000 dollar dəyərində olan saatları belə təmir etmişəm. Belə qiymətli və tarixi saatların təmiri çox diqqət tələb edir, çünki hər bir detalı qorumaq lazımdır.
Sizcə, mükəmməl saat hansı xüsusiyyətlərə malik olmalıdır?
Mükəmməl saat həm dəqiqlik, həm möhkəmlik, həm də gözəllik baxımından balanslı olmalıdır. Saatın içində gizlənmiş mexanizmi onun ürəyidir və nə qədər keyfiyyətli olsa, bir o qədər dəyərli olur. Üstəlik, saatın arxasında bir tarix və ya maraqlı bir hekayə varsa, o daha da qiymətli olur. Mükəmməl bir saat həm də estetik cəhətdən görkəmli olmalı və uzun illər ərzində öz funksiyasını itirməməlidir.
Əgər bir şəxs saat ustası olmaq istəsə, ona nə tövsiyə verərdiniz?
Professional usta olmaq istəyən hər kəsdə, ilk növbədə, səbr olmalıdır. Səbirsiz insan bu sənətdə işləyə bilməz. Həmin insan saatlarla təmirə vaxt ayırmağı bacarmalıdır. Aktiv həyat tərzi olan insanlar üçün bu sənət çətin ola bilər. Bacarıq bu sənətdə ən önəmli faktordur. Lakin bacarıqla yanaşı, həvəs də vacibdir. Elə insanlar var ki, gözlərinin qarşısında hər şeyi söküb göstərirsən, lakin yenə də başa düşə bilmirlər. Ona görə də hər ustanın inkişafında təcrübə və öyrənmə prosesi mühüm rol oynayır.
Gənclərin bu sənətdə davam etməsinə dəyərmi?
Əgər bir insan bu sənətə həvəs və maraqla yanaşırsa, mütləq davam etməyə dəyər. Bu sənət çox zəhmət və diqqət tələb edir, amma sevgi ilə görülən iş həmişə uğurlu olur. Gənclərə tövsiyəm odur ki, bu sənətə sadiq qalsınlar və onun gözəlliklərini kəşf etsinlər. Sənətin mənəvi tərəfləri də çox dəyərlidir. Sənətə qoyulan zəhmət vaxtla öz bəhrəsini verir.
Siz saat ustalığı ilə neçə ildir məşğulsunuz və bu peşəyə necə gəlmisiniz?
14 yaşımda küçədə bir saat tapdım. Evə gətirib onu sökdüm və saatlara qarşı böyük marağım yarandı. Uşaqlıqda da yaxşı oxumurdum, ona görə də bu sənətin arxasınca getdim. Hər kəs dərzi və ya bərbər olmağımı istəyirdi, lakin mən saatsazlığa maraq göstərdiyim üçün bu yolda irəliləmək qərarına gəldim. Məni yəhudi ustasının yanına şagird kimi göndərdilər. 15 yaşımdan bu peşə ilə məşğulam. 2015-ci ildə İtaliyanın Milan şəhərində keçirilən yarışmada 250 saat ustası arasında ikinci yerə çıxmışam. Bundan sonra da italyanlar haqqımda film çəkiblər. Bu sahəyə olan sevgi və əzmkarlıq mənim uğurumun əsas səbəbidir.
Fidan Abdullayeva
