Cumbria bölgəsində, Inglewood Forest-in dərinliklərində yerləşən qədim bir Tudor ov evi — The Ashes uzun illərdir səssizcə öz sirlərini qoruyub. Lakin yaxınlarda aparılan bərpa işləri zamanı illərlə suvaq altında gizlənən nadir divar rəsmləri gün üzünə çıxıb. Bu sadəcə bir sənət əsəri deyil, keçmişin bizə göndərdiyi vizual bir məktubdur. Divarlarda təsvir olunan fantastik məxluqlar sirli üzlər və sıx bitki naxışları grotesk üslubda çəkilib. Rəsm texnikası isə “a secco” adlanır. Bu üsulda sənətçi quruyan suvaq üzərinə boya tətbiq edir. Bu, freskadan fərqli olaraq daha çox incəlik və dəqiqlik tələb edir. Bu texnika ilə yaradılan rəsmlərdə, məsələn, yarpaqlı ornamentlərdən çıxan bir it başı, incəliklə işlənən dovşan silueti kimi obrazlar var. Bu təsvirlərin sanki hər biri bir nağıldan çıxıb. Jen və Richard Arkell 20 ildən çoxdur bu evin sahibləridir. Onlar deyirlər ki: “Divarda kiçik bir rəsmin olduğunu bilirdik, amma əsas yataq otağında köhnə suvaqlar söküldükcə ortaya çıxan o möhtəşəm səhnələri, insan sifətlərini, baxışları gördük... O anı heç vaxt unutmayacağıq”.
Divar rəsmləri bədii cəhətdən nə qədər əhəmiyyətlidirsə, binanın özü də bir o qədər qiymətlidir. Dendroxronologiya, yəni ağacların halqalarına əsasən yaşını təyin edən üsulla müəyyən olunub ki, damın bəzi taxtaları 1561-1562-ci illərdə, yəni Kraliça I Yelizavetanın hakimiyyətə yeni gəldiyi dövrdə kəsilib. Bu isə The Ashes-ı Tudor dövrünün canlı şahidinə çevirir.
Historic England tərəfindən bu bənzərsiz irs Grade II* kateqoriyasında tarixi abidə kimi qeydə alınıb. Həmçinin, evin ətrafındakı tarixi təsərrüfat binaları və hasarlar da Grade II olaraq siyahıya daxil edilib. Bu o deməkdir ki, həm bina, həm də rəsmlər artıq dövlət tərəfindən qorunur.
Historic England-ın nümayəndəsi Myra Tolan-Smith bunu belə şərh edib: “Bu cür motivlərin bir yerdə olması, milli səviyyədə belə nadir rast gəlinən hadisədir. Bu kəşf təkcə sənət və memarlıq baxımından yox, həm də sosial tarix baxımından olduqca dəyərlidir”.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
