Bu gün:

Amazon ilk internet peyklərini buraxmağa hazırlaşır


Amazonun rəsmi məlumatına görə, ilk internet peyklərinin aprelin 9-da kosmosa buraxılması planlaşdırılır. Elon Muskın Starlink sisteminə rəqib çıxacaq layihə - "Project Kuiper" ilk mərhələdə 27 peyk yerləşdirilməsini nəzərdə tutur.

Boeing-in Atlas 5 raketi və Lockheed Martin-in United Launch Alliance müştərək müəssisəsi 2022-ci ildə Amazon-un imzaladığı nəhəng çoxlu buraxılış müqaviləsinin bir hissəsi olaraq peykləri kosmosa göndərəcək. Bu missiya Amazonun tam miqyaslı Kuiper layihəsini yerləşdirməyə başlamaq məqsədini daşıyır. Aşağı Yer orbitində 3000 peykdən ibarət olması planlaşdırılan bu şəbəkə qlobal miqyasda yüksək sürətli internet xidməti göstərmək üçün nəzərdə tutulub və SpaceX-in Starlink layihəsinə rəqib kimi inkişaf etdiriləcək.

Amazonun Kuiper vitse-prezidenti Rajeev Badyal bildirib ki, bu ilk missiyaya hazırlaşmaq üçün geniş sınaqlar aparıblar. O vurğulayıb ki, bəzi şeyləri yalnız uçuş zamanı öyrənmək mümkündür və bu missiya, həm son peyk dizaynlarını sınaqdan keçirmək, həm də ilk dəfə bu qədər çox peyk yerləşdirmək baxımından əhəmiyyətlidir.

Badyal əlavə edib ki, missiyanın necə keçməsindən asılı olmayaraq, bu yalnız başlanğıcdır və onlar gələcək illərdə təkrar buraxılışlara hazırlaşarkən öyrənməyə və uyğunlaşmağa davam edəcəklər. Amazon 2019-cu ildə Elon Muskın Starlink layihəsində çalışmış mühəndislərdən ibarət bir qrupu işə götürüb və bu şəbəkənin inkişafına 10 milyard dollar sərmayə yatırmağı planlaşdırıb. O vaxtdan bəri, SpaceX sürətlə hərəkət edir və kosmosa 8000-ə yaxın Starlink peyki buraxıb. Nəticədə, 125 ölkədə beş milyondan çox internet istifadəçisi toplayıb, qlobal peyk rabitəsi bazarında təsirini artırıb və təhlükəsiz rabitə üçün Starlinkdən istifadə etməyə çalışan hərbi və kəşfiyyat qurumlarını cəlb edib.

Amazon isə daha gec hərəkət edib, lakin şirkət, geniş veb xidmətləri və istehlak məhsulları sahəsindəki təcrübəsini Kuiper müştərilərini cəlb etmək üçün bir üstünlük kimi görür. Onlar Kuiper peykləri ilə əlaqə quracaq pizza qutusu ölçüsündə antenalar da daxil olmaqla, kütləvi istehlak bazarına yönələn məhsullar hazırlayıblar.

Amazon 2022-ci ildə ULA, Fransanın Arianespace və Jeff Bezosun kosmos şirkəti Blue Origindən 83 raket buraxılışı sifariş edib və beləliklə, Kuiper-in yerləşdirilməsinə başlamaq üçün sənayenin ən böyük buraxılış müqavilələrindən birini imzalayıb. Şirkət 2023-cü ildə həyata keçirdiyi sınaq buraxılışları çərçivəsində iki prototip peyki uğurla orbitə göndərib.


Mənbə: Reuters

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et