Bu gün:

Val Kilmerin ikonik rolları


Val Kilmer çoxşaxəli və dinamik aktyorluq karyerası boyunca müxtəlif janrlarda unudulmaz obrazlar yaradıb. O, hər dəfə fərqli xarakterlərə girərək tamaşaçıları öz performansları ilə heyrətləndirib.İlk addımlar və uğurlar

Kilmerin aktyorluq karyerası 1980-ci illərin əvvəllərində başlayıb. Onun ilk ekran çıxışı Michelle Pfeiffer ilə birlikdə oynadığı “One Too Many” adlı ABC Afterschool Special televiziya filmində baş tutub. Burada o, içkili vəziyyətdə avtomobil idarə edən bir gənci canlandırıb. Daha sonra 1985-ci ildə komediya janrında çəkilən “Real Genius” filmində istedadlı bir gənc alim rolunda çıxış edərək özünü göstərib.

Böyük sıçrayış – Top Gun və Buz adam

1986-cı ildə Kilmerin karyerasında dönüş nöqtəsi yaşanıb. O, Tony Scottun rejissorluq etdiyi və Tom Cruise-un baş rolda olduğu “Top Gun” filmində Tom “Buz adam” Kazansky obrazını canlandırıb. Buz adam Maverick-in əsas rəqibi və soyuqqanlı, peşəkar pilot kimi təqdim olunub. Film o dövrdə kassalarda rekordlar qırıb və Kilmeri dünya miqyasında məşhur edib. “Top Gun” təkcə 80-ci illərin ən uğurlu filmlərindən biri olmaqla qalmayıb, həm də Kilmerin karyerasını zirvəyə qaldırıb. Onun aviator eynəkli, sərt baxışlı və soyuq üslublu Buz adam obrazı film tarixində əfsanəyə çevrilib.

Fantastik və tarixi rollar

1988-ci ildə Kilmer Ron Howardın rejissorluq etdiyi “Willow” filmində Madmartigan adlı cəsur döyüşçünü canlandırıb. Bu film fantastika janrında olsa da, Kilmer xarizması və yumor hissi ilə yaddaqalan obraz yaradıb. Bundan bir il sonra, 1989-cu ildə “Kill Me Again” filmində Joanne Whalley ilə birlikdə baş rolu paylaşıb. Maraqlıdır ki, Kilmer və Whalley filmdən sonra evləniblər, lakin onların evliliyi uzun çəkməyib.

Jim Morrison və musiqili bioqrafiya

Kilmer 1991-ci ildə Oliver Stoneun rejissorluq etdiyi “The Doors” filmində əfsanəvi rokçu Jim Morrison rolunu oynayıb. Bu onun aktyorluq qabiliyyətini tam şəkildə ortaya qoyduğu filmlərdən biri olub. O, Morrisonun səsinin, davranışlarının və səhnə performansının inanılmaz dərəcədə real təqlidini edib. Hətta filmin bəzi musiqi səhnələrində Kilmerin öz səsi istifadə olunub və bu onun rola olan bağlılığını bir daha sübut edib. 1993-cü ildə Quentin Tarantino-nun ssenarisi əsasında çəkilən “True Romance” filmində Kilmer Elvis Presley obrazının bir versiyasını canlandırıb. Bu obraz baş qəhrəmanın təsəvvüründə canlanan bir məsləhətçi kimi təqdim olunub.

Heat – Kriminal trillerin şah əsəri

1995-ci il Kilmer üçün daha bir zirvə nöqtəsi olub. O, Michael Mannın rejissorluq etdiyi və Robert De Niro, Al Pacino kimi əfsanəvi aktyorların oynadığı “Heat” filmində Chris Shiherlis rolunu canlandırıb. Bu film kriminal triller janrının ən yaxşı nümunələrindən biri hesab olunur. Kilmerin canlandırdığı obraz ağıllı və təhlükəli bir soyğunçu olub. O, döyüş səhnələri və dram dolu anlarla tamaşaçını özünə cəlb edə bilib.

1995-ci ildə Kilmer “Batman Forever” filmində Bruce Wayne/Batman rolunu oynayıb. O, Tim Burton-un yaratdığı qaranlıq və sirli Batman obrazına öz fərdi üslubunu əlavə edib. Kilmerin Batman obrazı bəzi tənqidlərə məruz qalsa da, tamaşaçılar onun fərqli yanaşmasını maraqla qarşılayıblar.

Kilmerin 1990-cı illərdə və 2000-ci illərdə çəkildiyi bəzi filmlər uğursuz olub. “The Island of Dr. Moreau” (1996) və “Red Planet” (2000) filmləri kommersiya baxımından gözlənilən nəticəni verməyib. Buna baxmayaraq, o, 1997-ci ildə çəkilən “The Saint” filmində usta bir dələduz obrazını canlandıraraq bir daha öz versatilliyini sübut edib.

Kilmerin karyerası müxtəlif uğurlar və çətinliklərlə dolu olub. O həm kommersiya baxımından uğurlu blokbasterlərdə, həm də eksperimental və incəsənət yönümlü filmlərdə oynayıb. Onun Buz adam, Jim Morrison, Batman və Chris Shiherlis kimi obrazları kino tarixində daim xatırlanacaq. Val Kilmer 65 yaşında vəfat edib, arxasında unudulmaz filmlər və möhtəşəm ifalar qoyub. O, kino dünyasında “dahi, lakin bəzən anlaşılmaz” aktyor kimi yadda qalıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et