24Media.az-ın budəfəki müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, müasir serialların yeniyetmələrin dünyagörüşünə və münasibətlərə yanaşmasına necə təsir etdiyindən danışıb.
-Sizcə, müasir seriallar yeniyetmələrin dünyagörüşünə və münasibətlərə yanaşmasına necə təsir edir?

Müasir dövrün serialları və filmləri insanların, xüsusən də yeniyetmələrin marağına səbəb olur. Yeniyetmələrin diqqətini çəkmək çətin olsa da, bir şeyə maraq göstərdikləri zaman o mövzudan çox çətinliklə qopa bilirlər. Bu cür məzmunlar onların həyatına böyük təsir göstərir, çünki yeniyetmələr seriallarda baş verənləri öz həyatlarına tətbiq etməyə çalışırlar.
Təəssüflər olsun ki, müasir seriallarda bəzən sağlam dəyərləri əks etdirən səhnələr tapmaq çətindir. Bu cür seriallar və filmlər yeniyetmələrin emosional vəziyyətini formalaşdırır və bəzən onların həyatlarına mənfi təsir göstərə bilir. Yeniyetmələrin xüsusilə emosional dövrləri olur və bu dövrlərdə düzgün qərarlar qəbul etmək çətinləşir. Oğlanlar aqressiv davranışlar sərgiləyə bilər, qızlar isə daha çox emosional reaksiya verir, ağlayır və ya kövrəlirlər. Bu da onları daha tez təsir altına alır və seriallarda gördükləri hərəkətləri təkrarlamaq istəyirlər.
Bu məsələyə diqqət yetirmək çox vacibdir, çünki serialların, filmlərin və ümumiyyətlə media məzmununun gənclər üzərindəki təsiri həm müsbət, həm də mənfi ola bilər. Həmin təsirlərin daha sağlam və faydalı olması üçün düzgün məzmunların təqdim edilməsi vacibdir.
Çinarə Tarverdiyeva
