Bu gün:

Karlo Ançelotti məhkəmə qarşısında


İtaliyalı baş məşqçi Karlo Ançelotti “Real Madrid”dəki ilk dövrü (2013-2015) ilə bağlı İspaniya Vergi Xidməti tərəfindən vergi qaçırmaqda ittiham olunaraq məhkəmə qarşısına çıxıb.

Madrid Əyalət Məhkəməsində keçirilən məhkəmə iclasına Ançelotti həyat yoldaşı Mariann Barrena və oğlu, eyni zamanda “Real Madrid”in köməkçi məşqçisi olan Davide Ançelotti ilə birlikdə gəlib.

Məhkəmə öncəsi mətbuatın böyük maraq göstərdiyi prosesə dair qısa açıqlama verən Karlo Ançelotti, indiyə qədər olduğu kimi günahsızlığını müdafiə etdiyini, anlaşma üçün deyil, ifadə vermək üçün gəldiyini bildirib.

Ançelotti, “Real Madrid”dəki ilk dövründə 2014-cü ildə 386 min 361 avro, 2015-ci ildə isə 675 min 718 avro olmaqla, ümumilikdə 1 milyon 62 min avro vergi qaçırmaqda ittiham olunur.

Prokurorluq italyan baş məşqçi üçün 4 il 9 ay həbs cəzası və vergi borcunun vergi xidməti tərəfindən müsadirə yolu ilə ödənilməsini, cərimələrlə birlikdə ümumilikdə 3 milyon 186 min 237 avro ödəməsini tələb edir.

Karlo Ançelotti, indiyə qədər bu ittihamları rədd edərək günahsız olduğunu bildirib.

İspaniyada daha əvvəl baş məşqçilərdən Joze Mourinyo, futbolçulardan Kriştiano Ronaldo, Lionel Messi və Arda Turan da daxil olmaqla bir çox futbolçu vergidən qaçmaq ittihamı ilə məhkəmə qarşısına çıxıb, lakin daha sonra vergi xidməti ilə razılaşaraq cərimə ödəməklə hüquqi prosesi bağlayıb.


Mənbə: NTV Spor

Tərcümə etdi: İbrahim Çobanlı


Paylaş
Şərh əlavə et