Bu gün:

Mobiloqrafiya nədir və niyə bu qədər populyardır?


24media.az-ın budəfəki müsahibi mobiloqraf (reels maker & content creator) Aysel Həmzəyevadır. O, mobiloqrafiyanın tarixi inkişafından, bu gün aktual sahələrdən birinə çevrilməsinə səbəb olan amillərdən danışıb.- Sizcə, mobiloqrafiya sadəcə rahatlıqdan irəli gələn bir seçimdir, yoxsa bu, fərqli bir yaradıcılıq baxışı tələb edən tamamilə yeni bir fotoqrafiya formasıdır?

Mobiloqrafiya, ümumiyyətlə, ilk dövrlərdə əsasən rahatlıq və əlçatanlıq baxımından seçilən bir üsul idi. Amma bu, zamanla tamamilə yeni bir fotoqrafiya forması kimi inkişaf etdi. Bunun əsas səbəbini isə mən bunda görürəm: insanların həyatı daha real və şəffaf şəkildə əks etdirmək istəyi və izləyicinin də bunu belə görmək arzusu.

Peşəkar foto və video avadanlıqları ilə çəkilən kadrlar adətən diqqətlə planlaşdırılmış, çox zaman ideallaşdırılmış olurdu. Bu isə bəzən reallıqdan uzaq görünürdü və izləyicilər də bunu belə görmək istəmirdi. Buna görə də mobiloqrafiya daha spontan, daha səmimi görüntülər təqdim edərək həyatın təbii anlarını olduğu kimi əks etdirmək imkanı yaradıb.

Əlavə olaraq, mobiloqrafiya maddi baxımdan daha əlçatan seçim idi. Peşəkar avadanlıqlar yüksək maliyyə tələb etdiyi halda, mobil telefonlar artıq hər kəsin əlində var. Bu da çəkiliş prosesini daha sürətli və hər kəs üçün mümkün edir. Mobiloqrafiyanın inkişafı fotoqrafiya dünyasına yeni bir istiqamət verən müasir sənət formasına çevrilməsinə səbəb olub.

‐ Bəs mobiloqrafiya nədir və nə ilə məşğul olur?

Mobiloqrafiya insanların özəl anlarını daha əlçatan və keyfiyyətli şəkildə qeydə almasına imkan verən bir sahədir. Daha peşəkar şəkildə desək, bu, mobil telefon vasitəsilə foto və video çəkmə sənətidir. Peşəkar kamera və avadanlıqlardan istifadə etmədən, yalnız smartfonla yaradıcı foto və video məzmun hazırlamağa yönəlir.

Mobiloqrafiya sadəcə foto və video çəkməkdən ibarət deyil. O, eyni zamanda mobil cihazların imkanlarından istifadə edərək yaradıcı və estetik baxımdan güclü vizual materiallar hazırlamaqdır.

Mobiloqrafiyanın populyarlığının müxtəlif səbəbləri var. Bunlardan ən əsası texnologiyanın inkişafıdır. Müasir smartfon kameraları artıq peşəkar avadanlıqlara yaxın keyfiyyət     təqdim edir. Süni intellekt, gecə rejimi, stabilizasiya və digər     xüsusiyyətlər çəkiliş keyfiyyətini artırır.

Bunda həmçinin sosial medianın rolu var. İnstaqram, tiktok, yutub kimi platformalar üçün keyfiyyətli vizual məzmun yaratmaq vacibdir. Mobil çəkiliş sürətli və rahat olduğu üçün məzmun istehsalçıları mobiloqrafiyaya üstünlük verirlər.

Digər səbəb isə maddi baxımdan əlçatanlığın olmasıdır. Belə ki, peşəkar foto və video avadanlıqları baha başa gəldiyi halda yaxşı bir     smartfonla da keyfiyyətli material yaratmaq mümkündür. Bu da     mobiloqrafiyanı geniş kütlələr üçün əlçatan edir.

Kreativ imkanlar da burada önəmli rol oynayır. Mobil tətbiqlər (CapCut, Lightroom, VN, LumaFusion və s.) sayəsində     çəkilən fotolar və videolar peşəkar səviyyədə redaktə oluna bilər. Bu da     istifadəçilərə daha yaradıcı və cəlbedici məzmun hazırlamağa imkan    yaradır.

Sürət və rahatlığın olması da danılmazdır. Telefon hər zaman əlimizin altındadır. Bu da ani anları tez və asanlıqla çəkməyə imkan yaradır. Əlavə avadanlıq daşımağa ehtiyac olmadığı üçün mobiloqrafiya gündəlik həyatın bir hissəsinə çevrilib.

Bu səbəblərə görə mobiloqrafiya təkcə həvəskar istifadəçilər üçün deyil, həm də peşəkar məzmun yaradıcıları və jurnalistlər üçün vacib alətə çevrilib.

Gülsər Qədirli

Paylaş
Şərh əlavə et