Bu gün:

OKP nədir?


Obsesif-kompulsiv pozuntu (OKP) – insanın istəmədən təkrarlanan düşüncələrə (obsessiyalar) və məcburi davranışlara (kompulsiyalar) sahib olduğu psixi sağlamlıq problemidir. OKP kişilərdə, qadınlarda və uşaqlarda rast gəlinə bilər. Simptomlar erkən yaşlardan (6 yaş və daha böyük) başlayaraq, əsasən yeniyetməlik və gənclik dövründə ortaya çıxır.

OKP-nin Əsas Simptomları


Obsessiyalar – İstənməyən, narahatlıq və ya qorxu yaradan düşüncələr, təsvirlər və ya istəklərdir.

Kompulsiyalar – Obsessiv düşüncələrin yaratdığı narahatlığı azaltmaq üçün təkrarlanan davranışlar və ya zehni aktlardır.


Məsələn, kimsə oğurluq qorxusuna görə evdən çıxmazdan əvvəl dəfələrlə qapı-pəncərələri yoxlaya bilər. Hamiləlik dövründə və doğuşdan sonra qadınlarda OKP inkişaf edə bilər – məsələn, uşağın sağlamlığı ilə bağlı həddindən artıq narahatlıq və təkrarlanan yoxlamalar kimi.


Müalicə və Dəstək


OKP ciddi problemlər yarada bilər, amma müalicə olunandır. Yardım üçün psixoloqa və ya həkimə müraciət etmək tövsiyə edilir. OKP-ni müalicə etmək üçün əsas üsullar bunlardır:

Danışıq terapiyası (Koqnitiv davranış terapiyası - KDT) – insanın obsesiv qorxularla mübarizə aparmasına kömək edir.

Dərman müalicəsi – Serotonin balansını tənzimləyən antidepressantlar (məsələn, SSRI-lər) təyin oluna bilər.


Əgər ilkin müalicələr kömək etməzsə, alternativ dərman və terapiya üsulları, o cümlədən ixtisaslaşmış psixi sağlamlıq xidmətləri tövsiyə edilə bilər.


OKP-nin Səbəbləri

Genetik faktorlar – Ailədə OKP olan insanlarda bu xəstəliyin yaranma ehtimalı daha yüksəkdir.

Beyin fəaliyyəti fərqləri – OKP-li insanlarda beyində müəyyən bölgələrin həddindən artıq aktiv olduğu və serotonin səviyyəsinin aşağı olduğu müşahidə edilib.

Həyat hadisələri – Travmalar, zorakılıq və ya itkilər OKP-nin yaranmasına səbəb ola bilər.

Şəxsiyyət xüsusiyyətləri – Perfeksionist və ya yüksək məsuliyyət hissinə malik insanlarda OKP riski daha yüksəkdir.


Dəstək Qrupları və Resurslar


OKP ilə yaşamaq çətin ola bilər, amma tək deyilsiniz! Dəstək qruplarına qoşulmaq və eyni problemlə üzləşən insanlarla ünsiyyətdə olmaq faydalı ola bilər. Müxtəlif təşkilatlar bu mövzuda yardım və məsləhət verə bilər.


Unutmayın: OKP zamanla öz-özünə keçməz, lakin düzgün müalicə və dəstəklə həyat keyfiyyətinizi yaxşılaşdırmaq mümkündür!


Mənbə: nhs

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et