
Körpələrin dişləri də özləri kimi həssasdır. Bəs körpələrin diş təmizliyi necə olmalıdır?
Körpənizin dişlərinin sağlam olması niyə vacibdir?
Körpənizin süd dişləri müvəqqəti olsa da, onlara yaxşı qulluq etmək vərdişini inkişaf etdirmək vacibdir. Kariyes səbəbiylə süd dişlərinin erkən itirilməsi halında ağızda tarazlıq pozular. Digər dişlər aşağıdan gələn daimi dişlərin yerlərini daraldaraq, açılmış boşluğa doğru hərəkət edər. Bu isə eybəcərliyə və nitqin inkişafına mane ola bilər.
Körpələrin dişləri nə vaxt fırçalanmalıdır
Körpənin ilk dişləri təxminən 6-8 ayda çıxmağa başlayır. Orta yaş 2,5-3 yaş olduqda diş çıxması tamamlanır və arxa dişlərin tamamlanması ilə ağızda 20 süd dişi olur. Körpələrin dişlərinin təmizlənməsi dişlər görünən kimi edilməlidir. Orta hesabla 2-2,5 yaşdan başlayaraq səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl nizamlı fırçalama vərdişinə başlamaq lazımdır.
Körpənin dişlərini necə təmizləmək olar
Təmiz parça və ya nəmlənmiş pambıqla körpənizin dişlərini və dilinin ön hissəsini yumşaq bir şəkildə silə bilərsiniz. 1 yaşından etibarən körpənizə uyğun yumşaq diş fırçalarından da istifadə edə bilərsiniz. İstifadə edilmiş fırça istifadə edildikdən sonra hərtərəfli təmizlənməli və ən azı 3 ayda bir yenisi ilə əvəz edilməlidir. Əlbəttə ki, bu müddət fırçanın aşınmasından daha erkən də ola bilər.
Körpələr diş məcunu istifadə etməlidirmi
Körpələr üçün diş pastası artıq ayrıca hazırlanmış bir məhsula çevrilib. 3 yaşa qədər diş məcunu deyil sadəcə su istifadə etmək daha məqsədəuyğundur. Bəzi diş həkimləri yaxşı mexaniki fırçalamanın kifayət olduğunu desələr də, bir çox valideynlər diş məcunu istifadə etmədən dişlərini təmizləməyi sevmirlər. Uşaq sağlamlığı üçün hazırlanmış diş pastalarından istifadə etsəniz belə, həddindən artıq miqdarda istifadə etmək lazım deyil. Mərcimək və ya noxud böyüklüyündə istifadə etmək və uşağınızın ağzını yaxşıca yaxalamaq tövsiyə olunur.
Diş həkimi qorxusunu aradan qaldırmaq üçün nə etməliyəm?
Mütəxəssislərin verdiyi məlumata görə, uşaqların diş həkimindən qorxmasının səbəbi valideynlərin və yaxın ətrafın diş həkimi haqqında mənfi çıxışları və qorxularını əks etdirən söhbətlərdir. Uşaq heç vaxt diş həkiminə getməmiş olsa belə, diş həkimi qorxusunu valideynlərindən öyrənə bilər. Diş həkiminə müraciət edən yetkin bir şəxs ziyarətdən sonra özünü daha yaxşı hiss etdiyini və müalicədən sonra xoşbəxt olduğunu ifadə edərsə, bu, uşağa diş müayinəsi ilə bağlı müsbət mesaj verir. Diş həkimi ilə yaxşı dialoq həm də uşağın diş həkiminə alışmasına kömək edir. Beləliklə, uşaq diş həkiminə baş çəkməyin qorxulu bir vəziyyət olmadığını, normal və müntəzəm sağlamlıq yoxlaması olduğunu öyrənir.
Diş fırçalama necə olmalıdır?
Uşaqların çəngəl və qaşıqdan istifadə kimi bacarıqları təxminən 2 yaşa qədər yaxşı inkişaf etdiyi üçün dişləri fırçalamaqda da onlara rəhbərlik etmək olar. Təbii ki, özləri dişlərini kifayət qədər təmizləyəcək səviyyədə olmasalar da, bu vərdişi inkişaf etdirmək üçün uyğun zamandır. Uşağı həvəsləndirmək üçün prosesi oyun kimi təqdim etməyə diqqət edin. Uşağınız məktəbəqədər təhsil müəssisəsinə gedəndə bu barədə çox şey öyrənəcək. Dişləri bağlı vəziyyətdə başlayın və qısa, yumşaq, dairəvi hərəkətlərlə fırçalayın. Dişlərin çeynəmə və dişləyən səthlərini irəli-geri hərəkətlərlə fırçalayın. Daxili səthlərdə diş ətindən dişə qədər süpürmə hərəkətləri edin. Dilin səthini arxadan önə doğru fırçalayın və ağzını 2-3 dəfə bol su ilə yaxalayın. Diş fırçasını yuduqdan sonra quruması üçün təmiz qabda dik vəziyyətdə saxlayın ki, digər fırçalarla təmas etməsin.
Uşağınız dişlərini fırçalamırsa nə edə bilərsiniz?
Əgər uşağınız hansısa səbəbdən dişlərini fırçalamadan yatacaq və ya bayıra çıxacaqsa, onun ağzına bir tikə pendir atmasını xahiş edə bilərsiniz. Pendir yemək zamanı turşulaşan ağız mühitinin qələviləşdirilməsində və dişlərin qorunmasında mühüm rol oynayır.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
