Bu gün:

Bill Qeyts- internetin gələcəyi


Microsoft 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən qurulub. Onlar uşaqlıqda Seattle şəhərindəki bir məktəbdə tanış olub və kompüterlərə olan maraqları sayəsində dostlaşıblar. Universiteti yarımçıq qoyaraq Microsoft-u yaradıblar. Şirkətin adı “mikrokompüter proqram təminatı” (Microcomputer Software) ifadəsindən yaranıb.

Microsoft-un ilk böyük uğuru 1980-ci ildə IBM üçün MS-DOS əməliyyat sistemini hazırlaması ilə gəlib. Şirkət IBM ilə müqavilə bağlasa da, əməliyyat sistemini digər istehsalçılara da satmaq hüququnu özündə saxlayıb. Bu isə IBM ilə uyğun gələn kompüterlərin və Microsoft-un sürətli inkişafına səbəb olub.

Pol Allen 1983-cü ildə qan xərçəngi diaqnozu aldıqdan sonra Microsoft-dan ayrılıb. O, sonradan müxtəlif bizneslərə sərmayə qoyaraq milyarder kimi qalıb və musiqiyə böyük maraq göstərib. Hətta Quincy Jones onu “Cimi Hendriks kimi oxuyan və çalan” bir musiqiçi adlandırıb. Allen 2018-ci ildə 65 yaşında vəfat edib.

Texnologiyanın gələcəyi və məxfilik məsələləri

1993-cü ildə Qeyts Microsoft-un kompüterləri yalnız iş üçün deyil, həm də gündəlik həyatın bir parçası halına gətirmək istəyindən danışıb. Onun fikrincə, evlərdə texnologiyanın istifadəsini artırmaq daha çətin olsa da, 15-20 il ərzində bu hədəfə çatmaq mümkün olacaq.

Microsoft-un digər rəhbərlərindən biri Nathan Myhrvold gələcəkdə 1000-dən çox televiziya kanalının olacağını və insanların bu kanalları öz maraqlarına uyğun təşkil edə biləcəyini bildirib. Bu ideya bu günki “streaming” xidmətlərinə (Netflix, YouTube və s.) bənzəyir.

Amma texnologiyanın inkişafı ilə birlikdə məxfilik problemləri də ortaya çıxıb. Digital Media jurnalının redaktoru Denise Caruso xəbərdarlıq edirdi ki, onlayn əməliyyatlar zamanı insanların şəxsi məlumatları qeydə alına bilər. O, həmçinin müəllif hüquqları mövzusuna toxunaraq məlumatın sərbəst yayılmasının elmi inkişaf üçün vacib olduğunu, amma eyni zamanda müəlliflərin əməklərinin qorunmasının da vacib olduğunu vurğulayıb.

E-mail və internetin inkişafı

1993-cü ildə internet hələ çox az insan tərəfindən istifadə edilib və geniş yayılmayıb. Ancaq Microsoft-un kadrlar üzrə vitse-prezidenti Mike Murray e-mail-in insanları daha asan ünsiyyət qurmağa imkan verəcəyini deyib. O, bunu “elektron kənd” adlandıraraq, insanların zaman və məkan məhdudiyyətlərini aşa biləcəyini bildirib.

1993-cü ilin sonuna qədər vebsaytların sayı 623-ə çatıb və hər üç ayda ikiqat artıb. 1994-cü ilin sonunda isə bu rəqəm 10,022 olub. Microsoft əvvəlcə internetin əhəmiyyətini tam dərk etməyib, amma 1995-ci ilin may ayında Bill Qeyts “The Internet Tidal Wave” adlı məktub yazaraq internetin kompüter tarixində ən vacib yeniliklərdən biri olduğunu açıqlayıb. Üç ay sonra Microsoft MSN portalını istifadəyə verib və Windows 95-lə birlikdə Internet Explorer brauzerini təqdim edib.

Beləliklə, Bill Qeytsin texnologiya ilə bağlı proqnozları bir çox cəhətdən reallığa çevrilib. O dövrdə fantastik görünən ideyalar bu gün bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et