Uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin azalması travma və ortopedik problemlərin artmasına səbəb olur. Bu problemlərin qarşısını almaq və müalicə etmək üçün idman və reabilitasiya üsulları böyük əhəmiyyət daşıyır. 24Media.az-ın budəfəki müsahibi məşqçi və instruktor İlham Əliyevdir. O, fiziki travmaların idman vasitəsilə müalicəsi və bərpa prosesinin düzgün aparılması haqqında danışıb.

- İnsanların xəsarət almasına səbəb olan ən ümumi risk faktoru hansıdır?
Hərəkətsizlik. Bir insan uzun müddət hərəkətsiz qaldıqda əzələlər zəifləyir, qan dövranı pisləşir. Nəticədə, bəzi nahiyələr ya heç qidalanmır, ya da çox zəif qidalanır ki, bu da travma riskini artırır. Bəzi hallarda genetik faktorlar da rol oynaya bilər.
- Bərpanın düzgün getdiyini və zərərli olmadığını necə müəyyən etmək olar?
İlk növbədə, düzgün müayinə və diaqnoz çox vacibdir. Hər xəstəlikdə olduğu kimi, burada da əsas məqsəd travmanın qarşısını almaq və onun fəsadlarını minimuma endirməkdir. Əgər xəstədə vəziyyət pisləşmirsə, deməli, müalicə effektlidir. Növbəti mərhələ isə həyat keyfiyyətini artırmaq və tam bərpaya nail olmaqdır.
- Sizə ən çox hansı problemlərlə müraciət edirlər?
Travma və ortopedik problemlər nəsildən-nəsilə dəyişir. Orta yaşlı insanlarda ən çox bel yırtığı (qrija) və disk protruziyası müşahidə edilir. 50 yaşdan sonra isə artrit və artroz daha geniş yayılıb. Uşaqlarda isə ən çox rast gəlinən problemlər kifoz və skoliozdur.
Fatimə Umarbəy
